• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 905
— 26.10.2023 08:48

"Kanadanın Azərbaycanla təhdid dilində danışması heç bir tərəfə uğur gətirə bilməz"

KepezTV Player

Xarici İşlər Nazirliyi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla kanadalı həmkarı Melani Jolinin səsləndirdiyi iddiaları pisləyib. Vurğulanıb ki, heç bir mülki əhalini hədəf almadan həyata keçirilən antiterror tədbirinin “təcavüz” və “etnik təmizləmə” əməli adlandırılması qəbuledilməzdir. Mirzoyanın bu məsələdə Beynəlxalq Ədalət Məhkəməsinin qərarına yersiz istinadı isə məhkəmə qərarlarının təhrif edilməsi cəhdidir. Kanada nazirinin bölgədəki vəziyyətdən xəbərsiz şəkildə nümayiş etdirdiyi qərəzli mövqeyi isə tamamilə əsassızdır.

Ayxan Hacıyev- XİN-nin mətbuat katibi: "Qranada görüşünün yekun açıqlamasına istinadən müstəqillik, suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı, güc tətbiq edilməməsi və güclə hədələməmək kimi prinsipləri növbəti dəfə xatırlayan Ermənistan tərəfi unudur ki, təmsil etdiyi Ermənistanın 30 ildən artıq müddətdə sözügedən prinsipləri bütün səyləri ilə pozan tərəf olub. Bölgədə heç bir humanitar böhran olmayan bir şəraitdə Kanada naziri tərəfindən bunun əksinin iddia edilməsi, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə açıq dəstək verilməməsi, eləcə də Azərbaycanın keçmiş işğal olunmuş ərazilərindən köçkün düşmüş və Ermənistandan zor gücü ilə deportasiya olunmuş qaçqınların vəziyyəti ilə maraqlanmaması Kanada tərəfindən ölkəmizə qarşı göstərilən açıq qərəzin bariz nümunəsidir. Kanadanın Azərbaycana qarşı tədbir kimi sanksiya variantını istisna etməməsinə gəldikdə qeyd edək ki, Azərbaycanla təhdid dilində danışılması olduqca yanlışdır və heç bir tərəfə uğur gətirə bilməz".