Məktəblərdə şagirdlərin ən sıx istifadə etdiyi yerlərdən biri məhz bufetlərdir. Burada şagirdlər həm asudə vaxtlarını keçirir, həm də qidalanırlar. Qidalar içərisində isə hazır olanlarla yanaşı, burada hazırlanıb, açıq şəkildə satılan qəlyanaltılar da yer alır. Bəs bu qidalara necə nəzarət olunur? Bu gün bu mövzunu araşdırırıq.
Günlərinin təxminən 5- 6 saatını məktəbdə keçirən uşaqların əksəriyyəti əsasən bufetlərdə qidalanır. Burada hazırlanan və ya hazır şəkildə satılan qida və içkilərdən istifadə edirlər.
Nəzrin Məmmədova- şagird: “Hər tənəffüsdə dostlarımla biz bufetə düşürük. Və burda biz bişmiş şeylər, yəni pizza, bulku kimi yeməklər alırıq. Həmişə dadlı və isti olur. Bundan başqa su, peçenyalar və çay alırıq”.
Aysu Zamanova- şagird: “Hər dərs olmasa da, dərslərdə arada düşürük. Ən çox demək olar ki, bulku, peçeniya alıram. Demək olar ki, evdən qida gətirmirəm. Çünki bufetdə yetərincə məhsul var”.
Aylin Abbaslı- şagird: “Çox vaxt simit, bulku, sendviç alıram və çox razıyam. Hazır olan məhsullardan kekslər, şirələr alıram”.
Bufetlərdə hazırlanan məhsullarla yanaşı hazır şəkildə satılan məhsulların keyfiyyəti də diqqətçəkən məqamdır. Eləcə də istehsal tarixi və saxlanma şəraiti də məhsulun xarab olmasına dəlalət edən amillərdir.
Təranə Əliyeva- bufetçi: “Bizdə hazır məhsullar da olur, əlavə məhsullar da bişiririk. Özümüz bulku hazırlayırıq. Səhər gəlirik hazırlayırıq, hamısı tər-təmiz. Hazır olan məhsulların da tarixinə baxırıq. Tarixləri düz gəlməsə, onu çıxarırıq”.
Mehriban Təmcidi- bufetçi: “Burada hazır məhsullardır. Digər yeməklər də var ki, - bulkalar, hamburger bunları da özümüz hazırlayırıq. Uşaqlar sevə-sevə yeyirlər. Malları götürərkən biz saxlanma müddətinə diqqət yetiririk. Yəni onsuz da biz də mallar çox deyil. Az-az götürürük. Uşaqlar aldıb qurtardıqca, tələbat olduqca alırıq”.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən verilən məlumata görə, məktəblərin bufetləri xüsusi nəzarət altındadır. Çünki təhsil ocaqları kütləviliyin çox olduğu məkanlar olduğundan, hər ay məhsulların yoxlanışı aparılır.
Raminə Məmmədova- Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin məsləhətçisi: “Ümumtəhsil məktəblərində bufetlər direktorların birbaşa nəzarətindədir və mütəmadi olaraq hər məktəbin öz mühasibi ən azı ayda 1 dəfə olmaqla məktəbi ümumi monitorinq edir. O zaman bufetə baxış keçirilir. Bufetlər mütəmadi olaraq monitorinq edilir və monitorinqin nəticəsində hələ ki, heç bir neqativ hal müəyyənləşdirilməyib”.
Mövzu ilə əlaqədar AQTA ilə də əlaqə saxladıq. Agentlikdən şifahi olaraq bildirildi ki, qida məhsullarının minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinin, o cümlədən qidalanmanın təşkili səviyyəsinin yoxlanılması məqsədilə qida bloku ilə təmin olunmuş məktəblərdə yoxlama həyata keçirilir.
Aişə Rzayeva
- Baxış: 313