• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1706
— 22.10.2023 21:14

Avtomobil bazarındakı durğunluq davam edir

KepezTV Player

Bu ilin oktyabr ayında Azərbaycanın avtomobil bazarında aktivlik, sentyabra nisbətən daha da aşağıdır. Durğunluğun əsas səbəbi isə qiymətlərlə bağlıdır. 2-3 ay əvvəlki qiymətlərlə müqayisədə bahalaşma 2 min manata kimi özünü göstərir. Bu da bazara üz tutanların əliboş qayıtmasına səbəb olur.

Elməddin Ələkbərov- alıcı: “Sovet maşınları ilə maraqlanırıq - 06, 07. Qiymətlər də oynayır - düşür də, qalxır da. 5 minə də var, 10 minə də var. Müəyyən maşınlarda artım var. Məsələn 015-də artım var. Mən 5 minə aldığımı, indi 7 minə verirlər”.

Ruslan Nağıyev- alıcı: “”Niva” ilə maraqlanıram. Qiyməti münasib deyil, ilinə görə bahadır. 9 yarıma dedilər. Əvvəllər bu maşını 8, 8 yarıma almaq olardı”.

Ramil Əliquzuyev- alıcı: “11.500-ə deyirlər bu maşını. 2005-in maşınıdır. 10.500 də mən veriəm. Amma satmırlar”.

Narazı olan alıcılardan fərqli olaraq satıcılar qiyməti normal hesab edir. Amma alıcılar kimi onların da narazı qaldığı məqam var. 

İsgəndər Hüseynov- satıcı: “Alıcı çox azdır. Qiymət deyirik, gəlib soruşurlar maşına baxırlar. Amma almırlar. Hər şey bahalaşıb deyə qiymətdə artım var”.

Fuad Xəlilov- satıcı: “Hamı ucuz maşın axtarır. Deyirlər ki, ucuz olsun, həm də yaxşı olsun. Yaxşı maşının da yaxşı qiyməti olur”.

Salman Əliyev- satıcı: “Qiymətlər həmişəki kimidir. Sovet maşını 5 mindən yuxarı, xarici maşın 13 mindən yuxarı başlayır, yaxşıları. Xaricdən gəlir. Baha gəlir çıxır. Qabaq 2005, 2007 gətirmək olurdu. “Opel Elantra” “Sonata”. İndi gətirmək olmur. 2013-dən yuxarı gətirmək olur. Ona görə də bahadır”.

Ekspertlər deyir ki, həm yeni, həm də köhnə avtomobillərin qiyməti tək yerli bazarla tənzimlənmir. Ölkəmizdə xaricdən gətirilən də kifayət qədər avtomobil var. İdxala qoyulan məhdudiyyət də qiymətlər də yerli bazara öz təsirini göstərir.

Eldəniz Cəfərov- nəqliyyat eksperti: “Ölkənin avtomobil basarındakı durğunluq regiondakı geosiyasi və iqtisadi vəziyyətlə də bağlı ola bilər. Adətən ölkənin avtomobil bazarı avqust ayında durğunluq olurdusa, sentybarın 15-dən sonra aktivləşirdi. Bu il belə olmadı. Düşünürəm ki, bazar noyabrın 10-dan sonra aktivləşəcək. Yaşı 10 ildən çox olan avtomobillərin idxalı məhdudlaşdırılandan sonra bu mart ayında olmuşdu. Aprel, may ayında qiymətlər təxmini 3 faiz civarında yüksəlmişdi. Sonuncu dəfə isə yeni avtomobillərdə qiymət yüksəlməsi avqust ayında baş vermişdi. Və bu, təxminən 5 faiz idi”.

Ekspertlərin fikrincə ilin sonuna kimi qiymətlərdə uczlaşmanın olacağı gözlənilmir.

Aişə Rzayeva