• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 934
— 20.10.2023 20:08

Fransanın müstəmləkəçilik siyasəti

KepezTV Player

Fransanın müstəmləkəçi siyasətinə son qoyulmalıdır. Bunu, Qvadelupanın Azadlığı Uğrunda Xalq İttifaqının nümayəndəsi Jan Jakob Bisep Bakının ev sahibliyi etdiyi “Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” mövzusunda keçirilən beynəlxalq konfransda deyib. O, dörd əsrdir Fransanın təzyiqi altında yaşadıqlarını vurğulayıb. 

Jan-Jakob Bisep- Qvadelupanın  nümayəndəsi:  Ölkəmiz Fransanın müstəmləkəçiliyi dövründən bəri öz haqları uğrunda mübarizə aparır. Fransızlar bizim ərazilərdə işləyir, yerli əhali isə işsizdir. Azadlığımız üçün mitinqlər təşkil edirik ki, səsimiz eşidilsin, amma buna görə həbsə atılırıq. Biz Fransa müstəmləkəçiliyi ilə mübarizəmizi davam etdiririk. Bu ölkənin ədalətsizliyindən çox əziyyət çəkirik”.

"Fransa bizə BMT-nin xalqların öz müqəddəratını təyin etmək hüququnu tanımır". Bizim elektrik enerjisi, təhsil, su və bir çox şeyə çıxış imkanımız yoxdur", deyən Fransız Qvianasının sosial azadlığı və dekolonizasiyası naminə Hərəkatının üzvü Maurice Pindard Parisin qanunlarını polis gücü ilə tətbiq etdiyini deyib. O vurğulayıb ki, bu gün yeni növ müstəmləkəçilik siyasəti mövcuddur. Amerikalılar, britaniyalılar, niderlandlılar, fransızlar hələ də bu siyasəti aparsalar da bunu gizlədirlər.

Maurice Pindard- Fransız Qvianasının nümayəndəsi: “Fransada müstəmləkə statusumuz belə yoxdur, amma müstəmləkə münasibəti gördüyümüz reallıqdır. Hazırda Fransa ordusu insanlarımızı ərazidən çıxarır. Burada siyasi dominantlıqdan söhbət gedir. Parlamentdə sadəcə iki deputatımız var. Ərazimizdəki qızılları çıxarıb aparır. Yetərli təbii sərvətlərimiz olsa da, Fransadan gələn neftdən istifadə etməliyik. Fransa şirkətləri təbii sərvətlərimizi istismar edir, ona görə də bizə gəlir verən heç nə qalmır. Fundamental hüquqlarımız yoxdur. Ona görə də yoxsulluq içərisində yaşayırıq. Minlərlə insan yolsuzdur. Sadəcə, bəzi insanlar təcili yardım xidmətindən istifadə edə bilir. Bir hava yolumuz vardı, onu da ləğv edirlər”.

Konfransda iştirak edən Polineziyanın müstəqilliyi uğrunda mübarizə aparan partiyasının nümayəndəsi Rəsmi Parisin müstəmləkəçilik siyasəti nəticəsində əhalinin sağlamlığına vurduğu zərərdən danışıb. O, Fransanın nüvə sınaqlarından hələ də əziyyət çəkdiklərini iştirakçıların diqqətinə çatdırıb.

Hrynui Le Kai- Polineziyanın nümayəndəsi: “Fransanın keçirdiyi nüvə sınaqları əhalinin sağlamlığına və ekologiyaya mənfi təsir göstərir.  Onlar illərdir ki, nüvə sınaqları nəticəsində meydana gələn radiasiya ilə bizi zəhərləyirlər. Fransanın hegemonluq siyasəti yaxşı heç nəyə gətirib çıxarmayacaq".

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən konfransda 14 ölkədən, eləcə də Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərdən, həmçinin Korsikadan olan nümayəndələr iştirak edib. Sözügedən Təşəbbüs qrupu 21-ci əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.  “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” Konfransının sonunda iştirakçılar Qoşulmama Hərəkatının sədri statusunda Azərbaycan Prezidenti  İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb.

Azad Mustafayev