Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümünə həsr olunan "Mustafa Kamal Atatürk - 2023" birgə taktiki təliminə hazırlıq məşqləri davam edir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Əlahiddə Ümumqoşun Ordunun təlimə cəlb olunan bölmələri daimi dislokasiya məntəqələrini tərk ediblər. Ərazidə yerdəyişmə etməklə texnikanın döyüş tətbiqinə hazırlanması üzrə normativlər icra olunub. Birgə təlimdə məqsəd qoşunların qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsidir. Həmçinin, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının daha da artırılmasıdır. Təlimlər iki qardaş ölkənin hərbi qulluqçularının, döyüş texnikası və aviasiya vasitələrinin cəlb edilməsi ilə 23-25 oktyabrda ölkəmizdə keçiriləcək.
Birgə taktiki təlimi ərəfəsində komando bölmələri ilə müxtəlif tapşırıqlar üzrə fəaliyyətlər məşq etdirilib. Komandolar gecə məhdudgörmə şəraitində taktiki yerdəyişmə icra edərək basqınla şərti düşmənin diversiya qrupunu yerləşmə məntəqəsində zərərsizləşdiriblər. Təlimin əsas məqsədi hərbi qulluqçuların məhdudgörmə şəraitində taktiki vərdişlərinin təkmilləşdirilməsi və komando bölmələrinin döyüş qabiliyyətinin daha da yüksəldilməsidir.
- Baxış: 199