2020-ci ilin yanvar ayından etibarən vətəndaşlar dövlət və özəl müəssisələrdə tibbi xidmətlərdən ödənişsiz yararlanmaq imkanı əldə ediblər. Bu, icbari tibbi sığortanın tətbiqi sayəsində mümkün olub. Hazırda isə bu xidmətlər paketinin genişləndirilməsi və tibb müəssisələrinin sayının artırılması istiqamətində işlər görülür. Yeniliklər nədən ibarətdir? Növbəti videomaterilada daha ətraflı.
Sistemin tətbiqinin məqsədi tibbi xidmətləri vətəndaşlar üçün əlçatan etmək, əhalinin sağlamlığının qorunması üçün tibbi xidmətlərin təşkilini təmin etmək və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsidir. Bu həm də maliyyə məhdudiyyətinin qarşısını alacaq və tibb sektorunu daha yaxşı inkişafa motivasiya edəcək.
Yadigar Zeynalov- şəhər sakini: “Sığorta ilə edirik, rahatçılıqdır. Ödənişsizdir. Gəlirik, ordan çeki alırıq, gedib indi UZİ-yə düşəcəm, analiz verəcəm”.
Solmaz Quliyeva- şəhər sakini: “MRT üçün gəlmişəm. Sığorta ilə keçəcəm. Biz gəlirik ödənişsiz şəkildə yararlanırıq. Çox yaxşıdır. Sağ olsunlar ki, bunu yaradıblar”.
İlkin Əlizadə- şəhər sakini: “Müəyyən analizlərə göndərmişdilər. Onları da sığorta ilə ödənişsiz elədim. Bu da hər kəs üçün yararlıdır. Əvvəl bəzilərinin imkanı çatmırdı, istifadə edə bilmirdi. İndi hamı edə bilir”.
İcbari tibbi Sığortanın xidmətlər zərfində 3315 xidmət var ki, vətəndaşlar bundan ödənişsiz şəkildə yararlana bilirlər. Bu zərfin zəngin olması isə müraciət sayına öz təsrini göstərir. Əvvəlki dövrlərlə müqayisədə pasientlərin sayında 3 dəfəyə kimi artım müşahidə olunur.
Nərgiz Əhmədova- həkim: “İcbari tibbi sığortaya keçdikdən onra xəstəxanamıza müraciət sayı artıb. Daha çox xəstələrimiz ginekoloji və laborator müayinələrə, ultrasəs müayinələrinə görə müraciət edirlər. Əvvəllər xəstəxanamıza müraciət sayı 1000-1500 olurdusa, indi 4000-ə qədər çatıbdır. Bundan başqa bizim operativ müdaxilələrimizin sayı, əməliyyatlarla bağlı müaciət sayı və əməliyyatlarlarımızın da sayı artıb. Təkcə Gəncə şəhəri deyil, regionlarda olan xəstələr də bizim xəstəxanaya müraciət edirlər”.
Vətəndaşların Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərə əlçatanlığını yüksəltmək məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi özəl tibb müəssisələrinin sayını artırıb.
Leyla Lətifova- İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məsləhətçisi: “Bu ilin əvvəli say 115 idisə, indi 140-a qədər artırılıb. Müqaviləli tibb müəssisələrinin fəaliyyət göstərdikləri şəhər və rayonlar sırasında Bakı, Gəncə və Sumqayıt ilə yanaşı, digər regionları da əhatə edir. Sözügedən tibb müəssisələrinin 81 %-i Bakı, Gəncə və Sumqayıt şəhərlərinin, 19 %-i isə regionların payına düşür. Özəl tibb müəssisələrində bu ilin yanvar-avqust ayları ərzində vətəndaşlara 100 mindən çox tibbi xidmət göstərilib. Həmin xidmətlərdən ürək-damar cərrahiyyəsi, oftalmoloji və invaziv radioloji xidmətlər üstünlük təşkil edir”.
Bundan başqa vətəndaşlar üçün nəzərdə tutulan xidmətlər zərfi də genişləndirilib. Belə ki, insan sağlamlığının qorunması üçün vacib hesab edilən daha bir neçə xidmətdən də vətəndaşlar artıq sığorta hesabına yararlana biləcəklər. Onlardan biri də orqan köçürməsi əməliyyatıdır.
Leyla Lətifova- İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məsləhətçisi: “775 yeni tibbi xidmətdən 469-nu cərrahi əməliyyatlar təşkil edir. Cərrahi əməliyyatlar sırasına anadangəlmə ürək qüsurlarının müalicəsi, baş-beyin əməliyyatları, anevrizma əməliyyatları daxildir. Eyni zamanda əsas yenilik ondan ibarətdir ki, İcbari Tibbi Sığortada orqan transplantasiyası artıq sığorta paketinə daxildir. Qaraciyər, böyrək və sümük iliyi təminatı alınıb, müvafiq olaraq 100-150 və 20 limit müəyyənləşdirilib. Orqan transplantasiyasının həyata keçirildiyi əməliyyatların icra olunduğu tibb müəssisələrinin siyahısı da Nazirlər kabinetinin müvafiq qərarı ilə təsdiqlənib”.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən verilən məlumata görə, bu ilin yanvar-avqust ayları üzrə göndəriş alan vətəndaşlara özəl tibb müəssisələrində icbari tibbi sığorta ilə böyüklərə 98 644, uşaqlara isə 1 906 xidmət göstərilib.
Aişə Rzayeva
- Baxış: 328