• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1337
— 13.10.2023 16:48

MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilib

KepezTV Player

Bişkekdə Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclası keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev iclasda iştirak edib. Qırğız Prezidenti Sadır Japarov Prezident İlham Əliyevi və digər dövlət başçılarını qarşılayıb. Əvvəlcə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilib. İclasda çıxış edən Prezident İlham Əliyev humanitar sahənin Birlik çərçivəsində əsas istiqamətlərdən biri olduğunu, Azərbaycanın bu sahədə əməkdaşlığın inkişafına böyük töhfə verdiyini vurğulayıb. Dövlətimizin başçısı Azərbaycanın 2025-ci ildə üçüncü MDB Oyunlarının keçirilməsi üzrə namizədliyini dəstəklədikləri üçün həmkarlarına minnətdarlığını bildirib. İqtisadi əlaqələrin möhkəmlənməsinin müsbət nəticə verdiyi də diqqətə çatdırılıb.

Prezident: Azərbaycan MDB-nin bir çox ölkələri üçün tranzit-nəqliyyat sahəsində etibarlı tərəfdaşdır

İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: "Keçən il Azərbaycan ilə MDB ölkələri arasında əmtəə dövriyyəsinin həcmi təxminən 30 faiz artıb. Bu il artım 20 faizdən də çoxdur. Azərbaycan MDB-nin bir çox ölkələri üçün tranzit-nəqliyyat sahəsində etibarlı tərəfdaşdır. MDB-nin bir çox üzv ölkələri Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə Azərbaycanın tranzit imkanlarından fəal istifadə edirlər. Bu iki nəqliyyat dəhlizinin ötürmə qabiliyyətinin genişləndirilməsi üzrə həyata keçirilən və perspektiv layihələr ölkələrimizin nəqliyyat təhlükəsizliyinin möhkəmlənməsi işinə və əmtəə dövriyyəsinin artırılmasına xidmət edəcək".

MDB Dövlət Başçıları Şurasının iclası işini geniş tərkibdə davam etdirib

Sonra MDB Dövlət Başçıları Şurasının iclası işini geniş tərkibdə davam etdirib. Qırğızıstan Prezidenti Sadır Japarov iclasda aparılan müzakirələrin MDB-yə üzv ölkələr arasında əməkdaşlığın inkişafına töhfə verəcəyini vurğulayıb. Sadır Japarov MDB-yə sədrliyin Qırğızıstandan Rusiyaya keçdiyini elan edib. Rusiya Prezidenti Vladimir Putin MDB Dövlət Başçıları Şurasının növbəti iclasının gələn ilin oktyabrında Moskvada keçiriləcəyini vurğulayıb.  Daha sonra sənədlər imzalanıb. Bununla da MDB Dövlət Başçıları Şurasının iclası başa çatıb.

Prezident İlham Əliyev Özbəkistan Prezidentinin təltifolunma mərasimində iştirak edib

Bişkekdə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin MDB-nin Fəxri nişanı ilə təltif olunması mərasimi də keçirilib. Prezident İlham Əliyev və digər dövlət başçıları tədbirdə iştirak ediblər.