• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 948
— 10.10.2023 20:12

Xaricdən gətirilən gül-çiçəklər şəhər ərazisini bəzəyəcək

KepezTV Player

İlin əvvəlindən indiyə kimi Gəncənin müxtəlif yerlərinə 7 mindən çox  ağac, 40 minə yaxın isə gül kolları əkilib. Payız mövsümünün olmasına baxmayaraq, xaricdən gətirilən gül şitillərinin də şəhər ərazisində əkininə hazırlıq gedir. 

Ulduz Əsədova- Gülçülük sahəsinin işçisi: “Bu güllər payız mövsümünə əkiləcək. Hər gün bunların nazıyla oynayırıq. Onların dərmanı, suyu vaxtlı-vaxtında baxırıq, becəririk ki, şəhərimiz gözəl görünsün. Vaxt gələcək payız mövsümündə bunları şəhərimizə göndərəcəyik. Şəhərimizin gözəl görünməsi üçün çalışırıq, əmək veririk ki, bizim şəhərimiz gözəl görünsün”.

Gəncəyə xüsusi gözəllik verən, park, xiyaban və yol kənarlarını bəzəyən müxtəlif növdən olan güllər və ağaclar gülçülük sahəsində yetişdirilir. İşin çətinliyi olsa da gözoxşayan, ətirli güllərin yetişdirilməsində fasilə yoxdur. Yerli toxumlarla yanaşı xaricdən gətirilərək əkilən şitillər də istixana şəraitində yetişdirilərək şəhərin bəzədilməsinə göndərilir. 

Nüşabə Abbasova- Gülçülük sahəsinin işçisi: “Bu “primula” güllərimizdir. Bunu dərman vasitəsi ilə istixanamızda yetişdirib, torf vasitəsi ilə əkirik. Daha sonra şəhərimizə veririk”.

Nailə Fərəcova- Gülçülük sahəsinin işçisi: “Burada güllərin köçürülməsini həyata keçiririk. Şitil vasitəsi ilə torfa köçürürük. Düzüb, istixanamızda onları becərib, yetişdiririk. Çiçək açanda şəhərimizin gözəlləşməsi üçün göndəririk”.

Gülçülük sahəsində 110 minə yaxın gül, çiçək şitilləri və toxumu yetişdirilir. Xaricdən gətirilərək yerli şəraitə uyğunlaşdırılan gül-çiçəklərin gələcəkdə sayının artırılması da nəzərdə tutulub. 

Rizvan Quluyev- Yaşıllaşdırma şöbəsinin baş aqronomu: “Mövsümi işlərə start vermişik. Müxtəlif növ çiçəklərin istixanalarda becərilməsinə başlamışıq. “Viola” yəni bənövşə, “primula” kimi çiçəklərin toxumları tərəfimizdən alınaraq istixanalarda əkilmiş və hazırda gördüyünüz kimi şitillərə vurulmuşdur. Saylarının da artırılmasını nəzərdə tutmuşuq.  Özümüzdə də becərilən “payızgülü” “xrizantema”lar, “astra”lar, “sinya”lar da vardır”.

250 ha əraziyə xidmət edən Gəncə şəhər Yaşıllaşdırma şöbəsi tərəfindən payız mövsümündə 65 min müxtəlif növ gül-çiçəyin əkilməsi nəzərdə tutulub.

Gəncə şəhər Mənzil Kommunal İstehsalat Birliyinin Yaşıllaşdırma şöbəsinin Gülçülük sahəsində təxminən 40 minə yaxın müxtəlif növ ağaclar da yetişdirilib. Payız mövsümündə bu ağaclardan 10 minə yaxını şəhərin park və xiyabanlarına eləcədə yol kənarlarına əkilməsi nəzərdə tutulub.

Elnur Vahidoğlu