• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1649
— 10.10.2023 19:57

Azərbaycanın regionda yaratdığı reallıqlar sülhü yaxınlaşdırır

KepezTV Player

Azərbaycanın Qarabağda keçirdiyi lokal antiterror tədbirlərindən sonra günbəgün müxtəlif qurumlar separatçılardan təmizlənən ərazilərdə fəaliyyətə başlayırlar. Reinteqrasiya prosesi çərçivəsində ölkə vətəndaşlığını qəbul edən ermənilərə tezliklə bütün sahələrdə  xidmət göstəriləcək və artıq göstərilir də. Bəs regionda sabitliyin bərqərar olması üçün sülh müqaviləsi nə zaman bağlana bilər, Azərbaycanın Qafqazda yaratdığı reallıqlar ölkəmizə nə vəd edir?  

Azərbaycan lokal antiterror tədbirlərində 24 saat ərazində əldə etdiyi nailiyyətdən dərhal sonra dayanmadan Qarabağda təxirəsalınmaz işlərə start verdi. Qanunsuz silahlıları tərksilah etdi, eyni zamanda yavaş-yavaş güc strukturlarının, kommunal xidmətlərin lazımi səviyyədə işə başlamasını həyata keçirdi. Bununla yanaşı işğal dövründə qondarma rejimdə müxtəlif sahələrə rəhbərlik edən şəxslər saxlanılaraq Bakıya gətirildi. Milli məclisin deputatı Naqif Həmzəyev region dövlətlərinin Azərbaycanla sıx əməkdaşlıq etmək istədiyini önə çəkərək, Ermənistanın da tezliklə bundan nəticə çıxardacağına inandığını deyib.

Naqif Həmzəyev- millət vəkili: “Azərbaycan regionda yeni reallıqlar yaradıb. Bu baxımdan da region dövlətləri Azərbaycanla əməkdaşlığı, yeni əlaqələrin qurulmasına can atırlar. Azərbaycan da qonşuları, dostları ilə münasibətlərin inkişaf etdirilməsinə sadiqdir, maraqlı olan tərəfdir. Mən inanıram ki, yaxın gələcəkdə  Cənubi Qafqazda Qafqaz ailəsinin sülh və əmin-amanlıq içərisində yaşamasının şahidi olacağıq. Ermənistan da bütün bu proseslərdən düzgün nəticə çıxaracaq və ən qısa zamanda sülh anlaşması imzalanacaq”.

Zəngəzur dəhlizi haqda da danışan parlamentin üzvü qeyd edib ki, koridorun fəaliyyətə başlaması üçün bəzi prosedurların yerinə yetirilməsi lazımdır.

Naqif Həmzəyev- millət vəkili: “Sülh müqaviləsi imzalansa belə, Zəngəzur koridorunun açılması üçün müəyyən texniki məsələlər öz həllini tapmalıdır. Dəmiryolu xəttinin çəkilməsi ilə bağlı vəsaitin tapılması, yolu kimin çəkəcəyi məsələsi də razılaşdırılacaqdır və bu proseslər də yekunlaşdıqdan sonra ilkin mərhələdə dəmiryolu xətti işə düşəcək, daha sonra mən belə düşünürəm ki, avtomobil yolunun işə düşməsi ehtimalı var. Ardınca isə dəhliz vasitəsilə biz enerji resusrlarının ötürülməsinin şahidi ola biləcəyik. Düşünürəm ki, gələcəkdə Zəngəzur dəhlizi eyni zamanda yaşıl dəhlizə çevriləcək”. 

Separatçıların tərk etdikləri ərazilərdə idman infrastrukturları da mövcuddur. Ağdərə, Əsgəran və Xankədidəki stadionların futbolumuz üçün böyük önəmə malik olduğunu deyən Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Müşfiq Cəfərov orada tezliklə klubların formalaşdırılaraq müxtəlif səviyyəli çempionatlarda çıxış edəcəyinə ümid etdiyini bildirib.

Müşfiq Cəfərov- millət vəkili: “Sovet dönəmində də Qarabağda stadionlarımız olub, bu gün də var. Ağdərədə 1000 nəfərlik təbii, Əsgəranda 3000 və Xankəndidə 15000 nəfərlik süni örtüklü arenalardan yararlanmaq olar. Onlar işlək vəziyyətdədir və gələcəkdə həyat tam təmin olunduqdan sonra inanıram ki, o stadionlarda klublar da fəaliyyət göstərəcək. Hər bir şəhərin, rayonun komandası olacaq. Hətta Premyer liqada da iştirak edə biləcəklər”.

Deputat onu da deyib ki, Xankəndi, Xocalı, Ağdərə və əsarətdən xilas olan digər şəhər və rayonlarımızda da idman qurğularının inşası gözlənilir. 

Müşfiq Cəfərov- millət vəkili: “İnanıram ki, yaxın zamanlarda idman komplekslərinin, gənclər evlərinin inşası da baş tutacaq. Həyat axarını davam etdirdikcə orada yaşayan gənclərimiz, idmançılarımız Xocavəndi, Xocalını, Xankəndini təmsil edərək ölkəmizin bayrağını beynəlxalq arenalarda yüksəklərə qaldıracaq, himnimiz səsləndirəcək. Onların hamısının şahidi olacağıq”.

Azərbaycan ərazi bütövlüyünü, suverenliyini tam bərpa etdikdən sonra əməli addımlar atmağa gecikmədən start verib. Ölkəmiz Qarabağda bütün istəklərinə nail olduğu kimi, sülh müqaviləsinə tez bir zamanda imza atdıracaq özü də arzuladığı formada.

Orxan Cəfərzadə