• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2228
— 09.10.2023 19:55

Kiberdələduzlardan necə qorunaq?

KepezTV Player

“Google” adətən istifadəçiləri həddindən artıq hesab və ya şübhəli fəaliyyət barədə xəbərdarlıq edir. Bu bildirişlərə laqeyd yanaşdıqda isə kiber hücuma məruz qalınır və nəticədə bank kartları, şəxsi parametrlər kimi məlumatların oğurlanması baş verir. Qarşıdakı süjetdə bundan necə qorunmaq barədə məlumat verəcəyik.

Son dövrlərdə vətəndaşlara qarşı kiber dələduzluq faktlarının sayı artıb. Mobil telefonlara göndərilən mesajlar və ya sosial mediada peyda olan saxta linklər kimi hallar vətəndaşların pul vəsaitlərinin oğurlanmasına səbəb olur. Şəxsi məlumatlarımızın isə çox hissəsini təşkil edən “Google” hesabında qəribə, sizə yad olan fəaliyyətlər və axtarışlar görsəniz, bu, profilinizin oğurlandığı deməkdir. Buna görə daim hazır olmalı, hesabınızın təhlükəsizliyini nəzarətdə saxlamalısınız. Əks halda çox ciddi problemlərlə üzləşmək mümkündür. 

Eşqin Hümbətov- zərərçəkən: “Bir neçə dəfə belə hal olub, rastlaşmışam, qarşıma çıxıb ki, bəzi hesablar, Google hesablara linklər gəlir, mənə mesaj şəklində ki, “daxil ol, filan məbləğdə pul qazan”. Mən də bir dəfə yoxladım bunu. Yəni az bir məbləğ qoydum, gördüm heç səs-soraq yoxdur. Ortada pul boşa getti. Sosial media menecerlərinə müraciət etsən yaxşı olar, onlar daha dəqiq bilir hansı yaxşıdır, hansı yaxşı deyil”.

Rəşad Əliyev- zərərçəkən: “Mənim də başıma gəlib Google hesabın oğurlanması. Linkə daxil oldum və daha sonra bütün hesab ələ keçirildi. Profilləri də oğurlaya bilirlər, bank hesablarına da birbaşa girə bilirlər. Heç bir linkə daxil olmasınlar bu barədə, saxta linklərin hazırlanması çox asan bir üsuldur. Bilmədikləri heç bir sayta daxil olmasınlar”.

Google hesabınızda şəxsi məlumatlarda və ya bilmədiyiniz digər parametrlərdə dəyişiklik olubsa, eyni zamanda naməlum istifadəçilər icazə vermədiyiniz “Google Disk” fayllarına daxil olubsa, bu da hesabınızın oğurlandığına işarədir. Sosial media menecerlərinin sözlərinə görə bu kimi fırıldaqçılardan can qurtarmağın yeganə yolu maariflənmək və onlara inanmamaqdır.

Sadiq Xudaverdiyev- Sosial media meneceri: “Hal-hazırda kiberhücumlar çox qlobal problemə çevrilib və bunlardan qorunmağın bir neçə vasitələri var. Nəsə qazandırır, bunun kimi tamahlandırıcı linklər vasitəsi ilə olunur ki, buraya keçiddən sonra şəxsi məlumatların qeyd olunması nəzərdə tutulur. İstər bank kartları istər Google hesabları. Kiberhücum edən şəxslərin bütünlüklə sizin səhifənizin ələ keçirilməsi, Google hesabın ələ keçirilməsindən kontaktlar, orada olan parollar, şəxsi bank kartları və Android sisteminə aid olan bütün sistemlərin ələ keçirilməsinə səbəb olur. Bilmədikləri linklərə və ya şübhəli olan linklərə ümumiyyətlə giriş etməsinlər. Bəzən heç şəxsi məlumatları yazmasalar belə, linkə keçid vasitəsi ilə hesabı oğurlaya verirlər”.

Bundan başqa, kiberdələduzlar daha çox vətəndaşlara tanınmış şirkətlərdən bir neçəsinin rəsmi saytlarına bənzər sayt göndərərək oradan qeydiyyatdan keçmələrini tələb edir və nəticədə Google hesabı sizin şəxsi məlumatlarınız ilə birgə ələ keçirilir. Sosial media istifadəçiləri bacardıqları qədər bu kimi hallara inanmamalı, kibercinayətin qurbanı olmamaq üçün mütəxəssislərin dedikləri təhlükəsizlik qaydalarına riayət etməlidirlər.

Pərvin Abbaszadə