• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 946
— 04.10.2023 20:29

Virusa yoluxma sayında artım müşahidə olunur

KepezTV Player

Dünya əhalisi koronavirusdan xilas ola bilmir ki, bilmir. Elə son ayın statistikası ölkəmizdə də yoluxma hallarında artımın qeydə alındığını göstərir. Xəstəlik yeni ştammı ilə yenidən aktivləşdiyindən, mənzərə mənfiyə doğru dəyişib. 

Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun yeni variantının yayılması barədə dünyaya xəbərdarlıq edib. Səbəb isə yeni ştammın sürətlə yayılmasıdır. “Covid-19”-un “Eris” ştammının Türkiyədə də aşkarlanması qonşu ölkə olan Azərbaycan üçün də narahatlıq yaratmaya bilməz. Həm də payız mövsümü olduğundan virusa yoluxma sayı yüksələn xəttlə gedir. 

Nurəngiz Məmmədova- həkim: “Payız olduqda qrip virusu aktivləşir. Bütün qrip virusları kimi, Koronavirusu da aktivləşib. Koronavirusa yoluxma digərlərindən heç fərqlənmir. Xəstələr bizə eyni cür şikayətlərlə müraciət edirlər - baş ağrısı, boğazda qaşınma, udqunarkən ağrı, əzələ ağrıları. İndiki ştammlar xüsusilə ürəkbulanma verir. Maraqlı da burasındadır ki, bu ürəkbulanmanın yaş həddi yoxdur. Uşaqlarda da, böyüklərdə də biz çox görürük ki, müraciət edən xəstələrin çoxunda ürəkbulanma, qusma olur”.

Həkimlərin sözlərinə görə virusa yoluxanların sayının artmasında ən önəmli amillərdən biri də yeni tədris dövrünün başlamasıdır. Uşaqlar təhsil müəssisələrində qapalı şəraitdə bir-biri ilə əlaqədə çox olur və hər hansısa birinin xəstələnməsi, sinifin bütün şagirdlərinin, həmçinin onların ailələrinin bütövlükdə virusa yoluxması riskini artırır. 

Təranə Əzimova- həkim: “Təbii ki, son vaxtlar, “Korona”dan əvvəl də hava-damcı infeksiyaları bilirsiniz ki, mövsümlə bağlı - hava şəraitinin dəyişməsi ilə əlaqədar daha çox çoxalır. Eyni zamanda bilirik ki, qapalı müəssisələr, yəni məktəblər, bağçalar açıldığına görə bu yoluxma daha çox olur. Qapalı şəraitdə onlar bir-biri ilə əlaqədə olduğuna görə bu yoluxma faktorları da ilk növbədə bununla bağlıdır ki, artım müşahidə olunur”.

Pandemiya dövrünün təcrübəsinə əsasən demək olar ki, COVID-19-un yeni ştammına qarşı mübarizə aparmağın qabaqlayıcı tədbiri qorunmaqdır.

Təranə Əzimova- həkim: Çalışdığımız qədər hər hansı bir ailədə xəstə uşaq varsa, istər böyük şəxs olsun, əgər xəstə varsa ictimai iş yerlərinə getməməyi məsləhət görülür. Ev şəraitində qalsalar daha yaxşı olar. Yəni, təcrid olunmalıdırlar”. 

Təcrid tədbirləri ilə yanaşı tibbi maskalardan istifadə olunmalı, xəstəliyin simptomları olan şəxslərdən uzaq durmalı, şəxsi gigiyenaya riayət edilməlidir.

Pərvin Abbaszadə