• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2388
— 04.10.2023 19:53

Vətən müharibəsində Nizami yurdunun ilk mülki şəhidi

KepezTV Player

O, 44 günlük Vətən müharibəsi zamanı Gəncənin ilk mülki şəhidi olub. Söhbət Tunar Əliyevdən gedir. Ali zirvəyə ucalmasının 3-cü ildönümündə əməkdaşlarımız şəhidin evində olublar.

2020-ci ilin 4 oktyabr tarixi. Döyüş meydanında məğlubiyyəti sinirə bilməyən mənfur düşmən hərbi cinayətə əl atır. Uzaqmənzilli raketlərlə Gəncəni hədəf seçir. Şəhərin raket hücumuna məruz qalan ərazisi, hərbi təyinatl obyektlərin olmadığı Əziz Əliyev küçəsi oldu. Mülki insanların yaşadığı evlər terror hadisəsinin hədəfinə çevrildi. Bu zaman avtomobili ilə ərazidə olan Tunar Əliyev raket zərbəsinin qurbanına çevrilir. Həmsöhbətlərim Tunarı vətənpərvər oğul kimi xarakterizə edir. Elə müharibə başlayanda da silaha sarılıb hərb meydanına yollanmaq üçün səbirsizlənib. 

Tunar Əliyev sanki şəhid olacağını əvvəlcədən hiss edib. 21 yaşlı gənc dostları ilə söhbətləşərək onlardan xahiş də edib.

Gəncə oktyabrın 4-də ilk zərbəni alsa da, bu, sakinlərin iradəsini, orduya və ali rəhbərinə olan inamını zərrə qədər də sarsıtmadı. Vətən müharibəsində bir neçə dəfə bombalansa da, əhalisi şəhid olsa da büdrəmədi Cavad xanın yurdu. Düşmənin qəddarlığına döyüş meydanında layiqli cavab verdi.

2 bacının tək qardaşı olan Turan Əliyevin şəhadəti ilə yanaşı, 3 il bundan öncənin bu günü 30-dan çox mülki şəxs də yaralandı. Ümumiyyətlə müharibənin getdiyi Qarabağ bölgəsindən kənara edilən ilk ciddi hücumdan sonra Gəncə Ermənistan Silahlı Qüvvələri tərəfindən 4 dəfə ayrı-ayrı zamanlarda bombalanıb. Nəticədə şəhər Tunar da daxil olmaqla 26 mülki şəhid verib, 175 sakini isə yaralanıb. Hücumlar zamanı şəhərin infrastrukturuna, yaşayış binaları da daxil olmaqla, digər obyektlərə, avtomobillərə ziyan dəyib. 

Orxan Cəfərzadə