• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1233
— 04.10.2023 19:50

Qisası alınan Cavad xan yurdu

KepezTV Player

Vətən müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ilk raket hücumuna məruz qalmasından üç il ötür. 2020-ci ilin oktyabrın 4-də səhər saat 10 radələrində ermənilərin atdığı raketlər Azərbaycanın ikinci ən böyük şəhərində mülki yaşayış məntəqəsinə, o cümlədən sakinlərin yaşadığı ikimərtəbəli binaya, həmçinin fərdi yaşayış evlərinə düşüb. Ermənistanın bu raket hücumu müharibənin getdiyi Qarabağ bölgəsindən kənarda edilən ilk ciddi hücum idi. 

Azərbaycanın ikinci böyük şəhəri, yarım milyon əhalisi olan və münaqişə zonasından 100 kilometrdən artıq məsafədə yerləşən Gəncə. Vətən müharibəsində məhz 3 il əvvəlin bu günü hədəf seçilmişdi düşmən tərəfdən Cavad xan yurdu. Erməni faşizmi hərbi cinayətlərinin davamı olaraq mülki insanları, infrastrukturu hədəf seçdi.

Gəncənin Ermənistan Silahlı Qüvvələri tərəfindən ilk raket hücumuna məruz qalması nəticəsində 1 mülki şəxs şəhid oldu, 32 sakin yaralandı, yaşayış evləri ilə yanaşı mülki infrastruktura və qədim tarixi tikililərə ziyan dəydi xain hücum nəticəsində. Törədilən hərbi cinayət heç də səbəbsiz olmayıb.

Günahsız mülki insanlara qarşı həyata keçirdiyi məsuliyyətsiz raket hücumunun səbəb olduğu cinayətin sifarişçisi isə qondarma “Dağlıq Qarabağ Respublikasının keçmiş prezidenti” Arayik Arutunyan olub. Hansı ki özü bunu etiraf etmişdi.

Qələbəni Azərbaycan zəfərlə tamamladı. Qarabağı düşməndən azad etməklə həm ərazi bütövlüyünü bərpa etdi, həm də suverenliyini. Eləcə də Gəncənin də qisası alındı. Şəhərin vurulduğu gündən 1 gün qabaq, oktyabrın 3-də separatçıların keçmiş rəhbərləri ilə yanaşı Arayik Arutunyan da qandallanıb istintaqa təhvil verildi.

Fərid Mehdiyev