• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1515
— 02.10.2023 20:25

Taksilərin fəaliyyətində yeniliklər nədər ibarətdir?

KepezTV Player

Oktyabrın 1- dən taksilərlə sərnişin daşımalara dair yeni tələb və qaydalar qüvvəyə minib. Yeniliklərin həm xidmət, həm də qiymət baxımından özünü biruzə verəcəyi gözlənilir. Yeniliklərin nədən ibarət olması ilə isə əməkdaşımız Aişə Rzayeva maraqlanıb.

Yeni tələblər “Avtomobil nəqliyyatı haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb. Məqsəd, ölkə ərazisində sərnişindaşıma sistemini təkmilləşdirmək, bu sahəyə dövlət nəzarətini həyata keçirmək, vətəndaşlar üçün keyfiyyətli taksi xidmətlərini təqdim etməkdir. Eyni zamanda sürücülər layiqli iş şəraiti ilə təmin olunacaq.

Tural Orucov- AYNA-nın mətbuat katibi: “Avtomobil nəqliyyatı vasitəsilə sərnişin və yük daşımaları ilə məşğul olmaq istəyən hüquqi şəxslər və fərdi sahibkarlar müvafiq icazələr əsasında fəaliyyət göstərməlidirlər. İcazələr Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən 7 il müddətinə Qanunvericiliyin tələbinə əsasən ölkə daxilində qeyri-müntəzəm sərnişindaşıma, eləcə də yükdaşıma ilə məşğul olan şəxslərə buraxılış vəsiqəsi ödənişsiz veriləcək. Müntəzəm daşımalarda, eləcə də taksi, minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatı Nazirlər Kabineti tərəfindən təsdiq edilən tələblərə uyğun olmalıdır”.

Dövlət rüsumu haqqında qanuna əsasən buraxılış vərəqəsi üçün 125 manat, buraxılış kartı üçün isə 25 manat müəyyən edilib. Taksi sifarişi operatoru fəaliyyəti göstərmək üçün 3000 manat dövlət rüsumu ödənilməlidir. Yeni qərara taksi sürücülərinin münasibəti birmənalı deyil. Onlar, ancaq gedişlərin qiyməti artırılarsa işlərinə davam edə biləcəklərini qeyd elədilər.

Naiq İsmayılov- sürücü: “7 illik olsa yaxşıdır. Yox, hər il olsa, Gəncə şəhərində məbləğ azdır. Şəhərin bu başından digər başına kimi 2 manat 80 qəpik, 3 manat verilir. Yol baxımından da bərbad vəziyyətdədir. Ona görə xeyir eləmir. Qiymət bahalansa sərf edir. Qiymət qalxmasa, lisenziyaya hər ay pul keçirmək olsa, şəxsən mənə sərf eləmir”.

Rüstəm Məhərrəmov- sürücü: “Elə pis deyil sərf edir. Amma gələcəkdə artıq vergi ödəsək, bu qiymətlər ilə bizə sərf etməyəcək. Əgər bir qiymət olsa - məsələn, hər yerə 3 manat, 4 manat olsa o, xeyir edər. Amma elə yerlər var ki, şəhərin yolları da pis gündədir, getmək olmur. Avtozavod, Sevinc qəsəbələrinə getmək olmur. Qiymətlər artırılsa xeyir edər”.

Hümbət Əliyev- sürücü: “Müştəri gəlir, deyir ki, məni filan yerə neçəyə apararsan. Daha elə olmayacaq. Taksometr quracaq, orda hara neçə göstərirsə, o da olacaq. Bu, gedənə də, sürücüyə də xeyirdir”.

Taksi sürücülərinin vahid sistemə keçirilməsini sərnişinlər daha çox dəstəkləyirlər. Çünki bu, gündəlik həyatında taksidən çox istifadə edən sərnişinlərin neqativ hallarla qarşılaşmasının müəyən qədər qarşısını almış olacaq.

Ekspertlər taksilərə bu cür tələblərin qoyulmasının qiymət artımına səbəb olacağını qabardırlar. Bununla yanaşı əsas məqsəd xidmət keyfiyyətinin yaxşılaşdırılmasıdır.

Eldəniz Cəfərov- Nəqliyyat eksperti: “Yeni qaydalara əsasən, taksi operatoru şirkəti istədiyi şəxsi taksi fəaliyyətinə cəlb edə bilməyəcək. Bunun üçün mütləq taksi fəaliyyətində çalışmaq istəyən şəxsin xüsusi icazələri omalıdır. Həm özü həm də istismar etdiyi avtomobili üçün. Yeni qaydaların tətbiq edilnəsində əsas məqsəd taksidə keyfiyyətin yüksəldilməsi və taksinin vətəndaşlar üçün daha təhlükəsiz edilməsidir”.

Taksi ilə sərnişin daşımalarına dair yeni tələblərin pozulmasına görə cərimələr və məhdudiyyətlər 2024-cü il yanvarın 1-dən qüvvəyə minəcək.

Aişə Rzayeva