• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1377
— 02.10.2023 20:09

Məktəbəhazırlıq qruplarında məşğələlər başlayıb

KepezTV Player

2023–2024-cü tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında tədris prosesinə start verilib. Məşğələlərdə “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət” dərslər keçirilir.

Məktəbəhazırlıq qruplarının məqsədi beşyaşlı uşaqların məktəbə hazırlıq mərhələsində inkişafı, tərbiyəsi və təhsili prosesini təşkil etməkdir. Məktəbəhazırlıq qruplarında həftə ərzində 12 məşğələ təşkil olunur. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə isə 10 dəqiqə müəyyən edilir.

Səidə Seyidova- müəllimə: “Ona görə bu ilk addımlar şagirdlər üçün məktəbdən öncəki müəllimlərin onlara düzgün yol göstərişi, onların yazma, oxuma öyrənməsi, məktəbdə davranış qaydaları uşaqlar üçün çox vacib olan bir addımdır”.

Yeganə Səfərova- müəllimə: “Gələcəkdə 1-ci sinifə gedəndə uşaqlar artıq hazırlıqlı olacaqlar. Nitq inkişafına fikir verilir, məntiqə, riyazi bacarıqlar, dünya görüşü, ətraf aləmlə tanışlıq, yəni ki, uşaqlar adaptasiya dövrünü sırf məktəbəqədər hazırlıq sinifində keçəcəklər”.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən verilən məlumata görə, məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir.

Elvira Şükürova- Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin məsləhətçisi: “Bildiyimiz kimi, 2023-2024-cü tədris ili üzrə ümumitəhsil məktəblərindəki məktəbəhazırlıq qruplarına 2 oktyabr tarixində start verilmişdir. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəhazırlıq qruplarına ümumilikdə 5501 uşaq qeydiyyatdan keçmişdir. Bunların 2989-u Gəncə şəhəri üzrə təhsil sektoru tabeliyindəki məktəblər üzrə olmuşdur. Hazırlıq, uşaqlarda oxumaq həvəsini, onların məktəbə emosional münasibətlərinin inkişaf etdirməsini möhkəmləndirməsini, uşaqların məktəbə müvəffəqiyyətlə adaptasiya olunması üçün şəxsi sosial xüsusiyyətləri formalaşdırır”.

Məktəbəhazırlıq qruplarına 5 yaşı 2023-cü ildə tamam olan uşaqlar qəbul edilirlər. Tədris məşğələləri mayın 31-də başa çatır.

Pərvin Abbaszadə