• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1191
— 02.10.2023 19:31

Reinteqrasiya planına nələr daxildir?

KepezTV Player

Qarabağda yaşayan erməni sakinlərin reinteqrasiyası ilə bağlı əməli fəaliyyətə başlanılıb. Bu barədə Prezident Administrasiyasının açıqlamasında bildirilib. Qeyd edilib ki, görüşlərdə Azərbaycanın reinteqrasiyaya dair planları təqdim edilib və onun ətrafında müzakirələr aparılıb. Reinteqrasiya Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində Azərbaycan Konstitusiyası, qanunları və beynəlxalq öhdəlikləri əsasında həyata keçirilir.

Prezident Administrasiyasının reinteqrasiya planlarına görə, Azərbaycanda etnik, dini və ya dil mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə, o cümlədən hər kəsin təhlükəsizliyinə təminat verilir. Reinteqrasiya planları hüquqi və idarəetmə, Təhlükəsizlik, İqtisadi və digər sahələri əhatə edir. Belə ki, Hüquqi və idarəetmə sahəsində, Erməni sakinlərin yaşadıqları ərazilərdə idarəetmə Prezidentin xüsusi nümayəndəlikləri vasitəsilə həyata keçirilir. Sakinlər xüsusi nümayəndəliklərin işinə cəlb oluna bilər. Qanunvericiliyə uyğun olaraq, seçkilər vasitəsilə bələdiyyələr formalaşdırılır. Sakinlərin vətəndaşlıq məsələləri Azərbaycan Konstitusiyasına və qanunvericiliyinə uyğun olaraq, müvafiq prosedurlar əsasında həyata keçirilir. Təhlükəsizlik sahəsində tərk-silah və tərxis prosesi başa çatdırılır, bütün silahlar sakinlərdən yığılır. Azərbaycanın daxili işlər orqanları ərazidə ictimai asayişin qorunmasını və sakinlərin təhlükəsizliyini təmin edir. Sakinlər daxili işlər orqanlarına işə cəlb oluna bilər. İqtisadi sahəyə gəlincə, sakinlərin yaşadıqları ərazilərin fiziki və sosial infrastruktur təminatı yəni təhsil, səhiyyə, enerji, qaz, su, yol, rabitə, meliorasiya və s. müəyyən müddət ərzində ölkə üzrə orta göstəricilər səviyyəsinə çatdırılır. Milli valyutamızın tam tədavülə keçməsi təmin edilir. Sahibkarlıq fəaliyyəti üçün dəstək tədbirləri həyata keçirilir. Fermerlərə subsidiyalar verilir və onlar torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azad edilir. Mülkiyyət məsələləri Azərbaycan qanunlarına uyğun olaraq tənzimlənir. İqtisadi sahə digər məsələləri də əhatə edir. Sakinlərin ölkə üzrə əməyin ödənişi və sosial ödənişlər sistemi ilə əhatə olunması, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında sosial sahədə tətbiq olunan güzəştlər, sosial xidmətlər və məşğulluq proqramlarının şamil edilməsi “Səyyar ASAN” və “Səyyar DOST” xidmətlərdən faydalanmaları isə reinteqrasiya planlarının Sosial sahəsini əhatə edir. Mədəniyyət, təhsil və din sahəsinə gəldikdə isə sakinlərin öz mədəniyyətini, etnik-mədəni xüsusiyyətlərini qorumaq və inkişaf etdirmək hüququ təmin edilir. Dini etiqad azadlığı, mədəni və dini abidələrin mühafizəsi təmin olunur. Erməni dilinin istifadəsinə imkan yaradılır. Prezident Administrasiyasının açıqlamasında qeyd edilir ki, reinteqrasiyanın praktiki icrası ilə bağlı erməni sakinlərin nümayəndələri ilə təmaslar davam etdiriləcək.

Azad Mustafayev