• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2407
— 29.09.2023 15:51

İlham Əliyev: "2025-ci ildə və ya bir az da tez Zəngilan şəhərinin ilk sakinləri qayıdacaqlar"

KepezTV Player

Artıq 2 mindən çox məcburi köçkün evinə qayıdıb, ilin sonuna qədər bu rəqəm 5500-ə çatdırılacaq. Zəngilanda keçirilən 2-ci Milli Şəhərsalma forumunda çıxış edən Prezident İlham Əliyev qeyd edib ki, işğaldan azad edilən ərazilərdə indiyədək 8 şəhər və 92 kəndin Baş planı artıq təsdiq edilib və 30 kəndin təməli qoyulub. Prezident Zəngilanı mühüm nəqliyyat qovşağına çevirmək üçün atılan addımlar haqqında da məlumat verib. Dövlət başçısı Qarabağda yaşayan ermənilərin hüquqlarının necə təmin olunacağına da aydınlıq gətirib.

Böyük Qayıdış Proqramının icrası bizim üçün bir nömrəli vəzifədir. Bu fikirləri Prezident İlham Əliyev Zəngilanda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunda çıxışı zamanı səsləndirib. Dövlət başçısı bildirib ki, Böyük Qayıdış Proqramının icrası artıq imkan verib ki, keçmiş məcburi köçkünlər Laçın şəhərinə, Füzuli şəhərinə, Ağalı kəndinə, Talış və Zabux kəndlərinə qayıtsınlar. 

İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: “Bizə qarşı etnik təmizləmə, işğal və ərazilərimizin məhvi həyata keçirilib. Otuz il ərzində bir milyondan çox azərbaycanlı evlərindən didərgin salınıb. Onların 200 mindən artığı hazırkı Ermənistan ərazisindən sürgün edilib. Bizim şəhərlərimiz, kəndlərimiz darmadağın edilib. 30 il ərzində işğalçı qüvvələr bizə buraya qayıtmağa imkan vermirdi”.

44 günlük Vətən müharibəsində qazanılan qələbə Böyük Qayıdışa zəmin yaratdı. Artıq 2000-dən çox keçmiş məcburi köçkün evlərinə qayıdıb və ilin sonuna qədər qayıdanların sayı 5500-ə çatdırılacaq. Dövlət başçısı qeyd edib ki, indiyədək 8 şəhər və 92 kəndin Baş planı artıq təsdiq edilib və 30 kəndin təməli qoyulub.

İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: “Qarşıdan gələn illərdə xüsusilə Şuşa və digər şəhərlərdə çox böyük, irihəcmli yaşayış layihələri həyata keçiriləcək. Bu, bizim Proqramın tərkib hissəsidir. İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra bərpa işlərinə Azərbaycan büdcəsindən bu günə qədər 7 milyard ABŞ dolları həcmində vəsait sərf edilib. Növbəti il üçün planlaşdırdığımız minimum büdcə 2,4 milyard ABŞ dolları olacaq”.

Ölkə başçısı Horadiz-Ağbənd dəmiryolunun inşasını haqqında da məlumat verib. Bildirib ki, Azərbaycanın əsas ərazisini Naxçıvanla birləşdirəcək layihənin inşası sürətlə davam edir və tezliklə hazır olacaq. Oradan isə həmin dəmir yolu İran və Türkiyəyə keçəcək və nəhayət Avropaya çatacaq. Bu isə Zəngilanın çox vacib nəqliyyat mərkəzinə çevrilməsi deməkdir. 

İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: “Biz Zəngilanı mühüm nəqliyyat qovşağı hesab edirik. Çünki onun coğrafi yerləşməsi bunu labüd edir. Zəngilan nəqliyyat dəhlizləri üzərində yerləşir, ona görə Zəngilan Beynəlxalq Hava Limanının inşası bu bölgənin inkişafı baxımından mühüm amil olmuşdur. O, insanlar üçün asan çıxışı təmin edəcək. Gələcəkdə isə əminəm ki, Zəngilanda xarici turistlərin sayı çox olacaq. Çünki bu bölgə Azərbaycanın ən gözəl diyarlarındandır - meşələri, çayları, gölləri. Misilsiz ekosistemə malik olan Zəngilan bizim ən böyük sərvətlərimizdən biridir”.

Dövlət başçısı Qarabağda yaşayan ermənilərin hüquqlarının təmin ediləcəyini də vurğulayıb. Onların dini, təhsil, mədəni, bələdiyyə hüquqlarının həm beynəlxalq konvensiyalara, həm də Azərbaycan Konstitusiyasına uyğun olaraq həyata keçiriləcək. Prezident İlham Əliyev, Azərbaycana qarşı qəbuledilməz planları olan tərəflərə də mesaj verib. 

İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: “Bizim səbrimizlə oynamasınlar. Biz səbirliyik, ancaq qətiyyətliyik. Biz haqlı olduğumuzu sübut edə bilirik və edirik. Ona görə yox ki, bizim gücümüz var, çünki haqq-ədalət bizim tərəfimizdədir”.

Ermənistanla sərhəddə sərhəd-keçid məntəqəsini yaratmaqla ərazi bütövlüyümüzü tam şəkildə təmin etdiyimizi bildirən dövlət başçısı sentyabrın 20-Azərbaycanın suverenliyini bərpa etdiyini diqqət çatdırıb. Ərazimizdə artıq qeyri-qanuni strukturların olmadığını və separatçılığa son qoyulduğunu qeyd edən İlham Əliyev Azərbaycan hökumətinin Ermənistanla sülhə hazır olduğunu da bildirib.

Vüsalə Cənnətova