Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə bağlı atdığı bütün addımlar, o cümlədən son 24 saatlıq antiterror tədbirləri beynəlxalq hüququn norma və prinsiplərinə tam uyğun şəkildə həyata keçirilib. Azərbaycan hər zaman həyata keçirdiyi tədbirlər çərçivəsində mülki əhalinin və mülki obyektlərin qorunmasına sadiq olub. Bu fikirlər Xarici İşlər Nazirliyinin sözcüsü Ayxan Hacızadənin BMT-nin insan hüquqları üzrə ali komissarı Folker Türkün bölgədəki mövcud vəziyyət və etnik azlıqların hüquqlarının qorunması öhdəliyi barədə fikirlərinə dair şərhində yer alıb. "Ümid edirik ki, ali komissarın qurbanların hüquqları baxımından günahkarların məsuliyyətə cəlb olunması və cəzalarını çəkmələri məsələsinin həllini tapması üçün şəffaf istintaq aparmaq çağırışları, Azərbaycanın 30 ilə yaxın müddətdə Xocalı soyqırımı, digər kütləvi qətliam və insanlıq əleyhinə cinayətlərdə təqsirli şəxsləri cəzalandırmaq istiqamətində çağırışlarına məhəl qoymayan beynəlxalq ictimaiyyət tərəfindən ciddi şəkildə qəbul ediləcək. Biz, həmçinin Ermənistanın, BMT nümayəndəsinin bu çağırışına əməl etməklə, bu ölkənin indiki ərazisindən kütləvi surətdə qovulmuş azərbaycanlıların hüquqlarını inkar etməyəcəyinə və onların öz evlərinə qayıtmaq hüquqlarını təmin etmək üçün dialoqa şərait yaradacağına ümid edirik”, - deyə mətbuat katibi vurğulayıb.
- Baxış: 159