Göygöl rayonu ərazisində qədim dövrə aid kurqanlar aşkar edilib. Təbii təpə üzərində tapılan bu qəbirlər həmin ərazinin qədim dövrlərə aidliyini və insanların yaşadığını sübüt edir.
Arxeloji qazıntı işlərinə bu ilin avqust ayında başlanılıb. Tədqiqat işləri Göygöl-Topalhəsənlı yolunun sol tərəfində, yoldan 120 metr məsafədə 5 metrə yaxın hündürlüyü olan kiçik təpənin üzərində yerləşən kurqanda həyata keçirilib. Torpaq örtüklü kurqanın diametri 22 metr, hündürlüyü 1,5 metrdir. Kurqanda maraqlı dəfn adətləri qeydə alınıb. Burada kurqan örtüyü götürüldükdən sonra 1 metr dərinliyi olan əsas kurqanaltı kamera da yerləşir.
Bəxtiyar Cəlilov- Göygöl-Goranboy arxeoloji ekspedisiyasının rəhbəri: “Aparılan tədqiqatlar onun ilkin əlamətlərinə əsasən, ilk tunc dövrünün erkən mərhələsinə aid olduğunu göstərmişdir. Maraqlıdır ki, bu tip abidələr lokal xarakter daşıyır. Kür-Araz mədəniyyətinin ən erkən mərhələsi və yaxud da lokal variantı və ondan erkən mərhələsi kimi qəbul olunmaqdadır. Əsasən də qərb bölgəsi və qismən də şimal-qərb bölgəsində rast gəlinən kurqan tipləridir”.
Kurqan tipli bu abidə xüsusi əhəmiyyət kəsb edir və dairəvi formadadır. Arxeloji abidədən saxsı qab nümunələri və digər əşyalar da tapılıb.
Müzəffər Hüseynov- AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi: “Kurqanda həm erkən tunc dövrünə, həm də son tunc erkən dəmir dövrünə aid maddi-mədəniyyət nümunələri aşkar edildi. Kurqanın üzərində isə erkən müsəlman dövrünə aid sallama qəbirlər qurulmuşdu. Bu qəbirlər katomba tipli hazırlanmışdır. Buna qərb bölgəsində satma qəbirlər deyirlər”.
Burada təxminən bir tayfanın 30-a yaxın üzvü dəfn olunub. Bundan başqa kurqanlara yaxın ərazilərdə də qəbirlərin olması ehtimal edilir.
Göygöl rayonunun Topalhəsənli kəndi ərazisində tapılan digər kurqan bu ərazidə aşkar edilib. Burda da ilkin arxeloji qazıntılar aparılıb. Bundan sonra da digər kurqanlarda olduğu kimi, bu kurqanın ərazisində arxeloji qazıntıların aparılması nəzərdə tutulur.
Raul Abbaszadə- bələdçi: “Hazırda da qazıntı-axtarış işləri davam etdirilir. Yaxın günlərdə də ətraf ərazilərdə kurqanların açılması nəzərdə tutulur. Gələcəkdə buranın da mədəni irs marşrutlarına əlavə edilməsi planlaşdırılır”.
Eyni zamanda Göygölün Balçılı kəndi ərazisində, eləcə də Kürəkçay və Gəncəçayın kənarlarında da bu cür kurqanların olması bilinir. Gələcəkdə həmin ərazilərdə də arxeloji qazıntıların aparılması nəzərdə tutulub.
Elnur Vahidoğlu
- Baxış: 150