Magistraturaya qəbul imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən mərkəzləşdirilmiş qaydada bir mərhələdə keçirilir və imtahanda bakalavrların məntiqi təfəkkürü, informatika və xarici dil üzrə bilikləri qapalı və açıq tipli test tapşırıqlarından istifadə edilməklə yoxlanılır. Bu il isə ilk dəfə olaraq bakalavrlar xarici dildə yazı bacarıqlarını da nümayiş etdirməlidirlər.
2024-cü ildən etibarən magistraturaya qəbul imtahanında iştirak etmək istəyən namizədlər xarici dil imtahanında bilik və bacarıqları, söz ehtiyatı, praktik qrammatikanın əsaslarını nitq fəaliyyətinin növləri üzrə kompleks şəkildə, yəni dinləyib-anlama, oxuyub-anlama və ilk dəfə olaraq yazı bacarıqları əhatə olunmaqla nümayiş etdirməlidirlər.
Sərxan Ağayev- DİM Gəncə Regional Bölməsinin böyük məsləhətçisi: “Bu günə qədər biz xarici dil fənni ilə biliklərin yalnız oxuyub-anlama və dinləyib-anlama qabiliyyətlərini yoxlaya bilirdik. Builki elan olunmuş dəyişikliklərdən sonra isə biz həm də yazı qabiliyyətlərini yoxlaya biləcəyik. Essedə isə müəyyən tələblər qoyulub. 150-200 söz olmalıdır. Essenin giriş, əsas hissə və nəticə hissələri bir-birindən abzaslarla ayrılmalıdır. Bundan başqa, mövzu barədə ətraflı məlumat verilməlidir, həmçinin neytrallıq qorunmaq şərtilə, öz fikrinizi də mövzuya əlavə edə bilərsiniz”.
Yeniliyə əsasən bakalavrlar yazı bacarıqlarının yoxlanılması üçün onlara təqdim edilən iki esse mövzusundan birini seçməklə, həmin mövzu ətrafında fikirlərini ifadə edəcəklər.
Qələndər Rzayev- tələbə: “Əvvəlki illərdə dinləyib-anlama və oxuyub-anlama, eyni zamanda qrammatik bacarıqlar yoxlanılırdısa, artıq bu ildən etibarən yazı bacarıqlarının da yoxlanılmasına üstünlük verilmişdir. Yəni hər hansı bir mövzu verilir və şagirdlər onun ətrafında bildikləri nə varsa, onun haqqında yazılar yazırlar. Bu da məncə tələbələrin dərsi daha yaxşı mənimsəməsinə, eyni zamanda söz ehtiyatının daha da artıq olmasına müsbət təsir göstərəcək”.
Akif Abbasov- tələbə: “Keçən ilə nisbətən bu il magistr qəbul imtahanında bir sıra çətinliklər yarandı. Bu çətinliklərdən ən əsası xarici dil üzrə esse yazmaq idi. Esse yazmaq təbii ki xarici dilə hazırlaşanlar üçün böyük bir çətinlik yaradır. Amma bu çətinliyin üstəsindən yəqin ki, gələrik. Bizə bir mövzu veriləcək və o mövzu haqqında öz fikirlərimizi xarici dil üzrə publisistik üslubda çatdırmalıyıq. Buna hazırlaşmaq tələbələrə bir az çətin olacaq, çünki xarici dil demək olar ki, bütün tələbələrə çətinlik yaradır”.
Fidan Quliyeva- tələbə: “Tələbələrə yararı ondan ibatərdir ki, artıq tələbələr dil üçün özlərini gələcəkdə hər hansı bir xarici ölkələrdə çıxıb digər universitetlərdə, məktəblərdə təhsil almaq istəyərkən artıq dil bacarıqları daha da üstün olmuş olacaq. Orta təhsil səviyyəsindən qat-qat artıq bilmiş olacaqlar”.
Magistraturaya qəbul imtahanlarında 2024-cü ildən etibarən yazı bacarıqlarının yoxlanılacağı ilə bağlı məlumat hələ 2021-ci ilin sonlarında nəşr olunan “Magistr” 1 jurnalında, həmçinin sonrakı nəşrlərdə verilmişdir. Magistratura səviyyəsinə qəbul üzrə bakalavrların danışıq bacarıqlarının qiymətləndirilməsinin isə növbəti illərdə aparılması nəzərdə tutulur.
Pərvin Abbaszadə
- Baxış: 212