• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 759
— 21.09.2023 19:05

Univermağın bir hissəsi çökdü, fəaliyyəti dayandırıldı

KepezTV Player

Gəncənin Mərkəzi Univermaq ticarət mərkəzinin bir hissəsində çökmə təhlükəsi yaranıb. Dərhal əraziyə aidiyyatı qrumların nümayəndələri gələrək, xilasetmə işləri həyata keçirib. Ticarət mərkəzində xoşbəxtlikdən xəsarət alan olmasa da, Univermağın fəaliyyəti tamamilə dayandırılıb.  

Hadisə bu gün səhər saatlarında baş verib. Şəhərin Mərkəzi Univermağının bu hissəsi çöküb. Hazırda Fövqəladə Hallar Nazirliyinin işçiləri, eləcə də digər qrumların işçiləri də hadisə yerindədir. Ərazidə xilasetmə işləri həyata keçirilir.

Nizami Gəncəvi prospektində yerləşən Mərkəzi Univermağın binasının 1-ci mərtəbəsindəki çökmə əsasən mobil telefonlar və avtomobil ləvazimatlarının satıldığı hissədə qeydə alınıb. Binanın üz örtüyü yerə tökülüb və qapı-pəncərələrin şüşələri deformasiya nəticəsində sınıb. Bu içəridə olan satıcı və alıcıların giriş-çıxışında çətinliklər yaratsa da, hadisə xəsarətsiz ötüşüb. İçəridə olan vətəndaşların təxliyyəsi ilə yanaşı piştaxtalarda olan satış məmulatları da çıxarılıb.

Çökmə hadisəsi binanın ötən əsrin ortalarında inşa edilən hissəsində baş verib. Burada bir neçə il idi ki, köhnə binaya bitişik tikili inşa edilirdi. 

Bura Mərkəzi Univermağının arxa hissəsidir. Burada da göründüyü kimi tikinti işləri həyata keçirilir. Səhər saatlarında isə bu tikintiyə bitşik olan köhnə tikintidə isə çökmə baş verib.

Rasim Qasımov- "Mərkəzi Univermaq" Ticarət Mərkəzinin direktoru: “Səhər saatlarında baş veribdir. Heç bir xəsarət alan yoxdur. Səbəbini araşdırırıq. Köhnə - 20 il bundan qabaq tikilən tikintidir. Təzə tikintinin heç bir aidiyyatı yoxdur”.

Baş verən çökmə hadisəsi ilə bağlı Univermaqın fəaliyyəti tam olaraq dayandırılıb. Hadisə yerinə isə aidiyyati qurumların əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırmalar aparılır.

Elnur Vahidoğlu