• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1610
— 19.09.2023 11:41

Ağdam və Gədəbəy istiqamətində mövqelərimiz atəşə tutulub

KepezTV Player

Bu gün saat 11:45 radələrində Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub. Nəticədə Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralanıb. Hərbi qulluqçularımıza dərhal ilkin tibbi yardım göstərilib. Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb.

Sentyabrın 18-i saat 23:50 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

Sentyabrın 19-u saat 2:40-da isə Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonunun Cil yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Novoivanovka yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan bir neçə dəfə atəşə tutub. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

Müdafiə Nazirliyindən o da bildirilib ki, Azərbaycanın hava məkanından istifadə etməklə uçuşlar yerinə yetirən aviaşirkətlərin sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə qarşı Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən növbəti dəfə radiomaneələr tətbiq edilib.

Sentyabrın 18-i Tbilisi-Bakı marşrutu üzrə uçuş yerinə yetirən Azərbaycan Hava Yollarının E-190 tipli sərnişin təyyarəsinə saat 20:28-dən 20:34-dək radiomaneələrin tətbiqi nəticəsində GPS peyk naviqasiya sistemlərində fasilə yaranıb.