Fövqəladə Hallar Nazirliyinə intensiv yağıntılar nəticəsində yaranmış güclü sel suları səbəbindən Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndi ərazisində Gəndob-Xaçmaz-Yalama-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 27-ci kilometrliyində körpünün uçması barədə məlumat daxil olub. Hadisə ilə əlaqədar dərhal nazirliyin Şimal Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb. Qudyalçay çayının üzərində yerləşən eni 10 metr, uzunluğu 60 metr olan 3 aşırımlı avtomobil körpüsü dayaq hissələrindəki aşınma nəticəsində dağılıb. Nəticədə "VAZ-2106" markalı minik avtomobili çökəyə düşüb, 1966-cı il təvəllüdlü Heybətov Əlisəfa Abas oğlu, 1984-cü il təvəllüdlü Qarayev Əfsun Əsgər oğlu və 1999-cu il təvəllüdlü Səfərəliyev Elvin Tofiq oğlu xəsarət alıblar. Onlar Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər, həyati təhlükələri yoxdur. Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev müvafiq strukturların rəhbərləri ilə birlikdə hadisə yerində olub, təhlükəsizlik tədbirlərinin görülməsi istiqamətində tapşırıqlarını verib. Hazırda alternativ yollardan istifadə olunmaqla rayon mərkəzi ilə kəndlərin əlaqəsi bərpa olunub. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, təbii fəlakət nəticəsində çökmüş körpünün yerində yeni avtomobil körpüsünün inşası qərara alınıb.
- Baxış: 451