• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1384
— 13.09.2023 20:52

Sentyabr döyüşlərinin 1 ili tamam olur

KepezTV Player

44 günlük Vətən müharibəsində Azərbaycan ordusuna təslim olub, üçtərəfli bəyanatı imzalamaqdan başqa yolu qalmayan Ermənistan, 2022-ci ildə sentyabrın 13-də öhdəliklərindən boyun qaçırdı. Şərti dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribata əl atdı. Azərbaycan Ordusunun həyata keçirdiyi qətiyyətli cavab tədbirləri ilə 7 saat ərzində qarşı tərəfin 400-dən çox canlı qüvvəsi məhv edildi.

44 günlük vətən müharibəsində ordumuzun qarşısında tab gətirə bilməyəcəyini anlayan Ermənistan, noyabrın 10-da üçtərəfli bəyanata imza atmaqla təslim oldu. Bu sənəd Ermənistanın hərbi kapitulyasiyası olsa da, rəsmi İrəvan  2022-ci il sentyabrın 13-də növbəti təxribatlara əl atdı. Bu əməlləri isə onlara baha başa gəldi. Ermənistanın xeyli sayda hərbi texnikası, milyarddan artıq dəyəri olan iki S-300 raketi, rəsmi məlumata görə 224, əslində 400-ə yaxın canlı qüvvəsi, çoxlu sayda hərbi obyekti və onlarla postu məhv edildi, yüzlərlə hərbçisi yaralandı. Ermənistan yenə də heç nəyə nail olmadan geri çəkilməyə məcbur edilib.  Müdafiə Nazirliyinin məlumatına əsasən, senyabr döyüşlərində  düşmənin 53 döyüş mövqeyi məhv edilib, xeyli sayda strateji yüksəklik nəzarətə götürülüb.  Mütəxəssislərin fikirincə, sözügedən yüksəklilərin Azərbaycan ordusunun nəzarətinə keçməsi böyük əhəmiyyətə malikdir. 

Elxan Şıxəliyev- hərbi ekspert: “Laçın, Kəlbəcər, Daşkəsən əraziləri və strateji yüksəkliklər kimin nəzarətindədirsə, bölgə də onların nəzarətindədir. Və bundan sonra bizə gələcəkdə mümkün ola biləcək bütün təhdid və təhlükələrin Ermənistan tərəfindən bərqərar edilməsi üzərinə mövqelərimizin nəzarətinə keçdi. Ermənilər sülh sazişinə gəlmirlərsə, revanşist bəyanatlarla çıxış edirlərsə, Qarabağda hələ də iddialar irəli sürürlərsə, Azərbaycana başqa seçimlər buraxmırlar. Görünür, Azərbaycan silahlı qüvvələrinin hərb tarixi bu ermənilərin cəzalandırılması əməliyyatları üzərindən hələ mümkün ola biləcək əməliyyatları da qarşıdadır”.

10 noyabr üçtərəfli Bəyanatın imzalanmasından sonra Azərbaycan bölgədə davamlı sülhə çalışdığı bir vaxtda Ermənistanın bu addımı göstərdi ki, Paşinyan hökuməti davranışları ilə kommunikasiyaların açılması, bölgədə təhlükəsizliyin təmin olunmasına qarşı çıxır. Bölgədə sabitliyin bərqərar olunması istiqamətində  atılan addımları sabotaj edir, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır.

Züriyyə Qarayeva- politoloq: “Ermənistan özünün əsl simasını, sülhdən tamamilə qaçar bir ölkə olduğunu, bölgədə bərpa-quruculuq işlərinin aradan qalxmasına təkan verməyə çalışdığını bu təxribatlarla göstərməyə çalışır. Əlbəttə ki, təxribatlarda digər məqsəd Azərbaycanı növbəti qarayaxma kampanyasına cəlb etmək və Bakının adekvat reaksiyalarını beynəlxalq ictimaiyyət qarşısında sanki işğalçılıq faktoru kimi təqdim etməkdən ibarətdir. Ötən ilin sentyabr ayında baş verən təxribatlar da bir daha göstərmiş oldu ki, Ermənistan üçtərəfli bəyanatın öhdəliklərini sülh danışığıyla həyata keçirməyin tərəfdarı deyil”.

Ermənistan unutmamalıdır ki, Silahlı Qüvvələrimiz ölkəmizin suverenliyinə təhdid kəsb edən istənilən ünsürün zərərsizləşdirilməsinə hər an hazır vəziyyətdədir.

Vüsalə Cənnətova