Son günlər azyaşlılar arasında kütləvi virus yayılıb və nəticədə xəstəxanalara müraciətlərin sayı artıb. Əlamətlər isə əsasən qızdırma, burun axması, boğaz ağrısı və halsızlıqdır. Valideynlər arasında təşviş yaranıb: görəsən, bu xəstəliyin koronavirusla əlaqəsi varmı?
Uşaqlar arasında mövsümi xəstəliklərə hər zaman rast gəlinsə də, COVID-19 pandemiyası dövründə qeydə alınan yoluxmalar valideynlər üçün narahatlıq yaradır. Amma indi uşaqlar arasında yayılan xəstəliyin mövsümi xarakter daşıdığı bildirilir. Simptomları oxşar olsa da, burada söhbət respirator virus infeksiyasından gedir.
Afət Məmmədova- həkim-pediatr: “COVİD insanları çox təşvişə saldı. Hal-hazırda valideynlər də çox nigarandır ki, uşaq yuxarı tənəffüs yollarının zökəmi keçirir, yoxsa COVİD? Əslində hər ikisi virus infeksiyasıdır, sadəcə onların keçirilməsində COVİD bir az ağır keçir. Yəni qızdırmamız uzunmüddətli keçir, qızdırmasılıcı dərmanlar təsir edə bilmir və ya inkubasyon dövrü dediyimiz bir şey var - virus bədənə daxil olur və onun bədəndə öz kliniki əlamətlərini göstərən müddətdir. Tam dəqiqliklə onu araşdırmaq üçün test edirik, yoxlanılır, yəni bu virus zökəmdirmi, yoxsa COVİD”.
Valideynlər isə övladlarının bu kimi xəstəliklərə yoluxmasını dəyişkən hava şəraitində görürlər. Amma COVİD -lə bağlı narahatlıqlarını da gizlətmirlər. Lakin müalicə üçün həkimə müraciət etmək əvəzinə, daha çox ev şəraitində təbii vasitələrdən yararlanırlar.
Fatimə Kərimova- sakin: “Özümüz evdə müayinə etmişik gördüm ki, yox mümkün deyil. Gətirdim bura - Abbas Səhhət adına xəstəxanaya. Hava dəyişkənliyindən, isti-soyuqdan, yeyilən qidalardan, bilinmədi ki, nədəndir, virus deyil, yəni infeksiyadır, düşür uşağa, boğaz qızartısı, qrip...”
Yeni tədris ilinin başlanması ilə uşaqlar arasında virusun yayılmasının kəskin artmasına dair həkim-infeksionist bildirib ki, xəstə uşaqlar bağça və məktəbə getməməlidirlər. “Təbii ki, onlar qrip əleyhinə vaksinasiya oluna bilərlər”, - deyə Nurəngiz Məmmədova bildirib.
Nurəngiz Məmmədova- Yoluxucu Xəstəliklər Şöbəsinin şöbə müdiri: “İndi baxmayaraq ki, yay mövsümü başa çatmayıbdır, amma havalar çox soyuyub. Hava soyuyanda gigiyena qaydalarına riayət etməyəndə, uşaqlar arasında soyuqlamalar olur. Ondan başqa, soyuq havada qrip virusları daha da aktivləşirlər. Həkimlər indiki xəstəlikləri ən çox bağlayırıq renoviruslar, rotaviruslar, adenoviruslar ilə. Koronaviruslar da var, amma tək-tək. Biz şübhə edəndə onların da analizlərini götürürük. Uşaq kollektivinə gedən uşaqların, əgər orada xəstə uşaq varsa da izolasiyasını yaxşı təşkil etmək lazımdır, həmin uşaqların hərarətləri hər gün ölçülür”.
Nəticə isə odur ki, istər virus, istərsə də COVİD şübhəsinə görə nə özünüzə, nə də övladlarınıza görə gərginlik keçirib, depressiya düşməyə lüzum yoxdur. Vaxtında həkimə müraciət etmək, tez bir zamanda sağlamlığa qovuşmağa imkan verəcək. Odur ki, müşahidə olunan dəyişkən hava şəraitindən uşaqları qorumaq, xəstə uşaqlarla təmasdan uzaq durmaq kifayət edər.
Pərvin Abbaszadə
- Baxış: 281