• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1237
— 08.09.2023 20:20

Uşaqlar arasında göz xəstəlikləri artıb

Azərbaycanda son zamanlar böyüklərlə yanaşı, 13 yaşadək uşaqlar arasında da göz xəstəliklərindən əziyyət çəkənlərin sayı çoxalıb. Gəncədə də göz xəstəliklərindən əziyyət çəkənlərin sayı kifayət qədərdir. Təkcə son bir ayda Gəncə şəhər Uşaq Xəstəxanasının oftalmologiya şöbəsinə gün ərzində 60-a yaxın azyaşlı gətirilib.

Həkimlər tövsiyə edir ki, valideynlər uşaqlarını 6 aylıq olanda, eləcə də 2 - 5 yaş aralığında profilaktik müayinələr etdirməlidirlər. Bu, gözdə olan problemləri aşkarlamağa və vaxtında tədbirlər görməyə kömək edər. Uşaqlarda göz qızartıları, qaşınmalar, gözün sulanması və görmədə zəifləmələr, göz qapaqlarının qızarması, ağrı  və şişkinlik xəstəliklərin əlamətlərindəndir. 

Günay Məmmədova- valideyn: “Müalicə yazılır, eynək dəyişiləsi olanda dəyişilir. Bunun da effekti olur. Yenə də gətirmişik müalicə yazılsın. Apardıq, dedi zəifdir, hərifləri uzaqdan, yaxından görə bilmir. İndi dəyişilməlidir, eynək olanda görür”.

Sona Nəcəfova- valideyn: “Uşağımın gözündə bəzi problemlər aşkarlamışdım. Həkimlər uşağın gözünü müayinə elədilər. Bir az uşağın başına ağrılar verirdi, ondan şübhələnmişdim. Bir də televizora baxanda gözündə qıymalar olurdu”.

Valideynlər uşaqlarda görmə qabiliyyəti ilə bağlı istənilən kiçik problemi  hiss etdikdə oftalmoloqa müraciət etməlidir. Həkim bu zaman problemin yaranma səbəbini və nə etmək lazım olduğunu müəyyən edir. Həkimə daha tez müraciət etmək isə, görmə qabiliyyətinin daha çox bərpası ilə nəticələnir. 

Məhluqə Həsənova- həkim-oftalmoloq: “Vaxtında müraciət etmək vacibdir. Çünki müalicələrlə bunun qarşısını almaq olur. Uşaqlarda zəifliklə bağlı müraciətlər daha çoxalıb. Əvvəl gün ərzində 15-20 xəstə müraciət edirdisə, indi 60-70 xəstə müraciət edir. Uşaqlarda daha çox allergiya, infeksion xəstəliklərlə bağlı müraciət edirlər. Həmçinin uşaqlar telefonlardan, kompüterlərdən istifadə edirlər. Burdan da zəifgörmənin artmasını müşahidə edirik. Valideynlərə daha çox uşaqları ilə məşğul olmağı tövsiyə edərdik. Uşağı idmana, rəqslərə yönləndirmək daha yaxşı olardı”.

Həmçinin Gəncədə ərazilər üzrə Ailə Sağlamlıq Mərkəzlərində də mütəmadi olaraq uşaqların gözlərinin müayinələri aparılır. Müayinələr zamanı uşaqların gözlərində yaranan xəstəliklərin ilkin əlamətləri aşkar edildikdə isə Gəncə şəhər Uşaq Xəstəxanasına göndərilir.

Elnur Vahidoğlu