Moped, velosiped və motosikletlərin Gəncə küçələrində sayı durmadan artıb. Xüsusən də şəhərdə fəaliyyət göstərən kafe və restoranların sifarişləri onlayn çatdırması, bu nəqliyyat vasitələrinin yollarda daha çox görünməsinə əsas yaradıb. Amma necə? Sürücülük hüququ və dövlət qeydiyyatı nişanı olmadan. Qanunun tələblərini heçə sayan bu sürücülər isə özləri və digər hərəkət iştirakçıları üçün real təhlükə yaradırlar.
16 yaşdan yuxarı olub, sürücülük vəsiqəsi olmayan bir çox gənc şəhərin küçələrində mopedləri rahat şəkildə idarə edə bilirdi. Bu da bir çox hallarda təcrübəsiz sürücülərin yola çıxmasına gətirib çıxarırdı. Amma qanunda edilən son dəyişiklikdən sonra avqustun 1-dən etibarən mopedlərin qeydiyyata alınması və sürücülük hüququ, yəni A1 kateqoriyasının tələb olunması anlayışları qanuni tələb kimi formalaşdı. Amma buna baxmayaraq, şəhər ərazisində hərəkət edən belə nəqliyyat vasitələrinin demək olar ki, əksəriyyətində hələ də dövlət qeydiyyat nişanı yoxdur. Sürücülük vəsiqəsinə gəldikdə isə, şəhər ərazisində çəkiliş zamanı suallarımızdan yayınanlar da oldu, özünə haqq qazandıranlar da. Bəziləri isə açıq-aşkar sürücülük vəsiqələrinin olmadığını söylədilər.
Sürücü: “Sürücülük vəsiqəm var. - Bəs nömrə niyə yoxdur? Çəkməyin, xahiş edirəm”.
Sürücü: “İndi sürücülük vəsiqəm üstümdə deyil, amma həmişə üstümdə olur. Dövlət qeydiyyat nişanını indi çıxarmışam, həmişə olur”.
Sürücü: “Sürücülük vəsiqəm var, amma evdədir. Sistemə vursanız çıxar”.
Sürücü: Vəsiqəm yoxdur. - Niyə? Almağa imkanım yoxdur. - Qanunsuzdur axı bunu idarə eləmək. Gedir...”
Sürücü: “Vəsiqəm var, amma evdə qalıb. - Bəs nömrə niyə yoxdur? Yaxın vaxtda götürmək fikrim var”.
Bəzi mopedlərdə mühərrik həcmi 50 Kub santimetr olsa da, onların konstruksiya sürəti 50 km-dən çox olur. Bu da həmin nəqliyyat vasitələrinin sürücüləri üçün sürücülük vəsiqəsini labüd edir.
Sürücü: “Bütün kateqoriyalar var. Göstərir. Bəs dövlət qeydiyyat nişanı niyə yoxdur? 49 kubdur bu, 45-dən yuxarı getmir. Orda 120 qeyd olunub? Qeyd olunmağı görünüş üçün qoyublar”.
Çəkiliş sırasında sadəcə 1 nəfər qanunda edilən son dəyişikliyin tələblərini icra etmişdi. Yəni müvafiq kateqoriya üzrə sürücülük vəsiqəsi və dövlət qeydiyyat nişanı mövcud idi.
Kamran Əsgərov- sürücü: “Gəncədə kuriyerliklə məşğulam. Yeni qaydalara əsasən, sürücülük vəsiqəsi tələb olundu. Vəsiqəm var idi. Kateqoriyam yox idi. A, A1 vəsiqəsi aldım ki, cərimələnməyək. Nömrəsi də var. Hər şey qaydasındadır”.
Sürücülük vəsiqəsi və dövlət qeydiyyatı olmayanlar isə rahat şəkildə qayda poza bilir. Belə ki, təkcə cari ilin 6 ayı ərzində moped sürücülərinin iştirakı ilə 18 yol nəqliyyat hadisəsi baş verib ki, hadisələr zamanı 9 nəfər ölüb, 9 nəfər xəsarət alıb.
Eşqin Qasımov- DİN-in Mətbuat xidmətinin əməkdaşı: “Qanunvericiliyin tələbinə uyğun olaraq mühərrik həcmi 50 kubdan yuxarı olan və yaxud hərəkəti saatda 50 km-dən artıq olan bütün nəqliyyat vasitələri müvafiq dövlət qeydiyyat nişanı ilə təchiz edilməlidir. Həmin dövlət qeydiyyat nişanı ilə təchiz edilən nəqliyyat vasitələrini müvafiq sürücülük hüququna malik olan şəxslər idarə edə bilərlər. Həmin moped və digər nəqliyyat vasitəsini idarə etmək hüququna isə A1 alt kateqoriyalı sürücülük hüququ vəsiqəsi tələb olunur. Respublikanın digər şəhər və rayonlarında olduğu kimi, Gəncə şəhərində də bu sahədə müvafiq monitorinqlər həyata keçirilir. Dövlət yol polisi şöbəsinin əməkdaşları tərəfindən keçirilən monitorinqlər zamanı qanunvericiliyin tələblərinə cavab verməyən mopedlərin istismarı dayandırılır və sürücüləri barəsində qanunamüvafiq tədbirlər görülür”.
Qeyd edək ki, tələblərə əməl etməyənlər cərimələnəcəklər. Belə ki, sürücülük vəsiqəsi olmayanlar İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 100 manat, nəqliyyat vasitəsini qeydiyyatdan keçirməməyə görə isə 50 manat cərimə nəzərdə tutulub.
Aişə Rzayeva
- Baxış: 580