• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 752
— 07.09.2023 20:03

Boşanmaların yaratdığı sosial-demoqrafiq mənzərə

KepezTV Player

Bu ilin yanvar-iyun ayları ərzində Ədliyyə Nazirliyi tərəfindən 24 146 nikah qeydə alınıbsa, 10 631 boşanma halı da rəsmiləşdirilib. Rəqəmlər, evlənən cütlüklərin təxminən yarısının boşandığını göstərir. Bu isə özü ilə sosial-demoqrafik problemlərin yaşanmasına əsas yaradır. 

Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə nikahların sayı azalaraq 5,8-dən 4,8-ə düşüb, boşanmaların sayı isə 1,5-dən 2,1-ə qədər artıb. Bu göstərici özlüyündə həyəcan təbili çalmaq üçün zəmin yaradır. Boşanmalara təsir edən amillər müxtəlif olsa da, nəticəsi eynidir. 

Məsim Abadov- iqtisadçı: “İndi cavanlar özləri sərbəst tanış olurlar. İşdə, təhsildə, həyatda tanış olmaq bir başqadır, virtual aləmdə, ən çox da tanışlıq saytlarında tanış olmaq bir başqadır. Birinci, məncə, bu amildir -  canlı ünsiyyətin olmaması, bir-birini tanımaması. İkinci amil ətraf mühitdir. 20-30 il bundan əvvəl boşanmaya pis baxılırdısa, indiki dövrdə bu hallar demək olar ki, aradan qalxıb. Və 3-cü amil - ailə. Əgər ailədə böyüyən övlada, istər qız, istər oğlan, ona ailə münasibətləri aşılanmırsa ki, ailə müqəddəsdir, ailə vacibdir, sonda ailələrin tez dağılmasına gətirib çıxarır”.

Təcrübədə daha çox fərdlərin bir-birini yaxşı tanımaması hallarına rast gəlinir. Tərəflərin münasibətlərə böyük gözləntilər yükləməsi də boşanmaya aparan səbəblər sırasında yer alır. Yaxşı olar ki, evlənməmişdən əvvəl gənclər inandıqları ailə psixoloqu və ya psixoterapevtə müraciət etsinlər. Sona Davudova- psixoloq: “Günümüzdə münasibətlər keçmiş münasibətlərdən bir az fərqli olaraq daha açıq şəkildə yaşanır. Yəni daha əvvəllər ailələr arasında olub bitənləri qonşunun belə aşkar şəkildə bilməsi o qədər də müşahidə olunmurdu. Amma indi sosial şəbəkələrdə olan cütlüklərin fərqli həyat tərzi nümayiş etdirməkləri, yeni ailə quran və ya ailə qurmaq barədə düşünən insanlar üçün fərqli bir düşüncə yaradır. İnsanlar düşünürlər ki, niyə filankəs daha xoşbəxt bir həyat tərzi yaşayır, necə olur ki, onun yoldaşı onun üçün hər gün nələrsə edir, alır, təşkil edir, onu hər gün harasa aparır. Yalnız bu tərəflərini görür və burdan gözləntiyə girməyə başalyırlar. Amma bu, doğru bir yanaşma deyil”.

Gənclərin yola getməməsi tək boşanmalara deyil, həm də irəliləyən illərdə demoqrafik problemlərə də gətirib çıxaracaq. Belə ki, boşanma hallarının sayının artması həm də yeni doğulan uşaqların sayına ciddi təsir göstərəcək.

Qərənfil Ramazanova- sosioloq: “Hər mənada bizim gələcəyimizə çox böyük problemlər yaradacaq və o problemlərin təzahürü artıq göz önündədir. Bunlar demoqrafik problemlərə - ailə bağları qırılacaq, böyüyən uşaqlar qırıq, əsəbi, kəskin stres içində böyüyəcək, vətəndaş kimi formalaşmayacaqlar. Axı normal vətəndaş ailə mühitində formalaşır. Bu problemlərin hər biri bizim gələcəyimizi sual altında qoyur. Vətəndaşlarımızın sayının azalması, əhalinin sürətlə qocalması, normal işçi kütləsinin azalmasına səbəb olacaq. Bu problemlərin sayı o qədər çoxdur ki! Ona gör də ailə məsələsinin bu cür məhvə doğru getməsinin həyəcan təbili bu gün yüksək səviyyədə çalınmalıdır və bütün cəmiyyət bu problemin həllinə yönəlməlidir”.

Ötən il 152 minə yaxın şagird birinci sinfə getdiyi halda, bu il göstərici 123 300-ə bərabərdir. Rəqəm özlüyündə boşanmaların göstəricisi kimi də qəbul oluna bilər. 

Aişə Rzayeva