• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2272
— 06.09.2023 20:12

ABŞ Dövlət katibi Antoni Blinken Prezident İlham Əliyevə zəng edib

KepezTV Player

Sentyabrın 1-də ABŞ Dövlət katibi Antoni Blinken Prezident İlham Əliyevə zəng edib. Telefon söhbəti zamanı Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının açılması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Dövlət başçısı vurğulayıb ki, Ermənistan və onun Azərbaycanın Qarabağ bölgəsində yaratdığı və dəstəkləməkdə davam etdiyi qondarma separatist rejim Ağdam-Xankəndi yolunun açılmasına qərəzli şəkildə imkan vermir və bu yoldan istifadənin qarşısının alınması üçün süni maneə və əngəllər yaradır, Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə bu yol ilə yüklərin daşınması barədə əldə olunmuş ilkin razılaşmadan imtina edib. Azərbaycan Prezidenti qeyd edib ki, Ağdam-Xankəndi yolundan istifadədən bu formada imtina etmək siyasi manipulyasiyadır və həmin ərazidə guya humanitar, yaxud qida böhranının yaşandığını iddia etmək üçün məqsədyönlü yalandır. Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan tərəfi ilə razılaşdırmadan Ermənistanın  Azərbaycanın “Laçın” sərhəd-keçid məntəqəsinin qarşısına humanitar təyinatlı olduğunu iddia etdikləri yüklərin gətirilməsi Azərbaycanın daxili işlərinə qarışmaqdır, ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlikdir. Azərbaycan Prezidenti Ermənistanın bu kimi siyasətinin sülh müqaviləsi üzrə danışıqlara ciddi zərər vurduğunu bildirib. Dövlət başçısı Azərbaycanın Qarabağın erməni əhalisinin nümayəndələrinin reinteqrasiya məsələləri ilə bağlı müzakirələrin aparılması üçün paytaxt Bakıya və ölkəmizin digər şəhərlərinə dəvət edilməsinə baxmayaraq, onların bundan imtina etdiklərini xatırladıb. ABŞ Dövlət katibi Antoni Blinken sülh müqaviləsinin imzalanması və Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində səylərini bundan sonra da davam etdirəcəklərini bildirib, Bakı ilə Xankəndi arasında birbaşa təmasları dəstəklədiklərini vurğulayıb.

Azad Mustafayev