Siqaretin ziyanından danışanda tez-tez ağciyər xərçənginin yüksək riskinə diqqət çəkilir. Amma siqaretin dağıdıcı potensialı bununla bitmir. Tütünçəkmə praktiki olaraq bədənimizin hər sahəsinə ziyan vurur. Onlardan biri də dişlərdir. Növbəti videomaterialımızda siqaretin ağız boşluğuna vurduğu ziyandan söhbət açacağıq.
Əksəriyyət ölkələrdə siqaretə qarşı mübarizə aparılır. Buna baxmayaraq, insanların çoxu heç də bu zərərli vərdişdən əl çəkmək istəmir. Siqaret çəkənlər bununla digər zərərlərdən savayı, həm də dişlərini bir sıra travma və zədələnmələrə məruz qoyurlar. Bu zaman ağız boşluğunda diş minalarının saralması, dişlərin itirilməsi və digər ciddi xəstəliklər meydana gəlir.
Altay Abbasov- stomatoloq: “İnsan siqaret çəkən zaman dişlərdə çatlar yaranır. Bu çatlar yaranan zaman da immuniteti pozulur və diş, bir çox fəsadlara, infeksiyaların təsirinə məruz qalır. Onlardan əsası odur ki, dişlər başlayırlar birincisi sarı ləkə almağa, sonra bu sarı ləkə keçir qəhvəyi və qara rəngə. Hansı ki, birinci yumşaq ərp şəklində olur, sonra keçir diş daşlarına. Təsiri odur ki, insanda diş daşları artan zaman burdakı təsirlər yönəlir bizim ağız boşluğumuza, damaq sistemlərinə. Biz siqaret çəkən zaman çoxlu kanserogen maddələr insanın ağız boşluğuna keçir, bu da insanda onkoloji xəstəliklərin baş almasına gətirib çıxarır. Və burda bir çox hallarda da qinqivitlər, paradantid kimi xəstəliklər də əmələ gələ bilirlər”.
Siqaret tüstüsü ilə ağız boşluğuna 100-dən çox zərərli maddə daxil olur. Bunlardan ammonyak, aseton, nikotin və s. kimi maddələri nümunə çəkmək olar. Amma insanların əksəriyyəti siqaretin tərkibindəki tütünün yanma məhsullarının dişlərə və bütövlükdə ağız boşluğu toxumalarına ziyanlı olmasından xəbərsizdirlər.
Bəzən isə insanlar, siqareti tərgitdikdən sonra dişlərində problemlərin yarandığını bildirirlər. Stomatoloqlar belə izah edir ki, bu, dişdə yaranan ərplərlə əlaqəlidir. Belə ki, siqaret çəkən zaman yaranan ərplər dişi mexaniki olaraq möhkəm saxlayır və tütünçəkməni buraxdıqdan sonra dişlər əsməyə başlayır.
Altay Abbasov- stomatoloq: “Siqaret çəkən insanlarda ağız boşluğu, damaqları və s. başlayırlar bərkiməyə. Siqaret çəkən zaman insanın ağzında qan dövranı zəifləyir. Çünki nikotin bizdə damarları daraldır. Bu zaman da insanın damaqları bərkiməyə başlayır. İnsan siqareti tullayandan sonra damaq başlayır boşalmağa, özünə gəlməyə və bu hallarda da dişlər əsməyə başlaya bilərlər. Amma bu, o demək deyil ki, biz təkrar siqaretə qayıtmalıyıq. Əsla yox. Burda artıq biz başqa müalicə üsulu seçməliyik…”.
Stomatoloqlar siqaret çəkənlərə ən azından ildə bir dəfə diş daşlarını təmizlətməyi tövsiyə edirlər. Çünki bu, kariyesi aşkar etməyə imkan verə bilər.
Aişə Rzayeva
- Baxış: 596