• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 711
— 05.09.2023 20:20

“Aclıq” şousu: separatçı ermənilər humanitar yükün qəbulundan imtina edirlər

KepezTV Player

Özlərini humanitar fəlakətdəki kimi aparan Qarabağ ermənilərinin qeyri-adekvatlığı özünü Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən göndərilən un kisələrini qəbul etməməklə bir daha təsdiqlədi. "Acından ölənlərin" un kisələrini qəbul etməməsi fəlakət adı altında formalaşdırılan vəziyyətin şoudan başqa bir şey olmadığını deməyə əsas verir. Qarşı tərəf isə qərarlıdır - 40 tonluq yardım ermənilərə çatdırılmalıdır. Ona görə yox ki, məqsədləri nəcib və “çörəksiz qalanlara” əl uzatmaqdır. Həm də onun üçün ki, erməni yalanı bir daha bütün dünyaya nümayiş etdirilsin!

Səkkiz gündür ki, Bakıdan erməniəsilli şəxslərə ərzaq yükü aparan 2 yük maşını Ağdam-Xankəndi yolunda gözləyir. Azərbaycan Qızıl Aypara Cəmiyyəti öz humanitar missiyasını həyata keçirmək üçün bütün qüvvələrini səfərbər edib. 40 ton unu erməni sakinlərə çatdırmaq üçün Rusiya sülhməramlıları ilə danışıqlar hələ ki, nəticə verməyib. Gətirilən yükün keyfiyyət sertifikatı və son istifadə tarixi barədə sülhməramlılara müvafiq sənədlər təqdim edilsə də, gözləmə mövqeyi davam edir.

Qafar Əsgərzadə- Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti: “Azərbaycan Qızıl Aypara Cəmiyyəti həm milli qanunvericiliyə görə, həm nizamnaməsinə uyğun olaraq, həm Cenevrə Konvensiyalarına, həm də Beynəlxalq Qızıl Xaç və Beynəlxalq Aypara Federasiyasının nizamnaməsinə uyğun olaraq Azərbaycan Respublikasının bütün ərazisində humanitar missiyanı keçirməyə səlahiyyətlidir. O, müstəqil təşkilat kimi fəaliyyəti həyata keçirir. O cümlədən, bu missiyanı da keçirir. Bizim bu son humanitar addımımız onu göstərdi ki, Qızıl Aypara Cəmiyyəti kənar humanitar təşkilatların dəstəyi olmadan da müstəqil şəkildə Azərbaycan Respublikası ərazisində yaşayan hər bir insana milliyətindən, dinindən, irqindən, siyasi baxışlarından asılı olmayaraq, fərq qoymadan yardım etməyə hazırdır, qadirdir. Çünki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin məramı insanlığa, sülhə xidmət edir”.

Separatçı Qarabağ erməniləri Azərbaycan ununu yeməkdən imtina edirlər. Özlərinin "humanitar böhran" adlandırdıqları vəziyyətdən çıxış Ağdam-Xankəndi yolu ilə gəldiyindən bunu qəbul etmirlər. Daha doğrusu, vəziyyətin əksinin sübut ediləcəyindən çəkinirlər. Ermənilər uzadılan humanitar əli qəbul etmək əvəzinə, bundan şou düzəldirlər.  

Tural İsmayılov- siyasi şərhçi: “Biz Laçın yolu ilə yanaşı, Ağdam-Xankəndi yolunun işləkliyi məsələsini qaldırmışıq. Laçın yolu necə bağlı ola bilər ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin müşayiəti ilə sadə ermənilərin keçidi baş verir. Eyni zamanda Beynəlxalq Qızıl Xaç Komitəsi insanları apararkən qida ilə bağlı, eyni zamanda zəruri istehlak məhsulları ilə bağlı müəyyən malların da daşınmasını həyata keçirir. Daha böyük yük daşınması məsələsində biz Ağdam-Xankəndi yolunu təklif etmişik. Biz görürük ki, bu yolun açılmaması üçün separatçılar və onların havadarları əslində Xankəndi erməniləri ətrafında süni bir gündəm yaratmağa çalışırlar. Əgər Xankəndi ermənilərinin çörəyə ehtiyacı olsaydı, bu gün talonla çörək satılır şousu yaradıb, sadə insanlardan siyasi riyakarlıqla istifadə etmək cəhdləri yerinə, həqiqətən Azərbaycanın Qızıl Aypara Cəmiyyətinin 40 ton un məmulatını məmnuniyyətlə qəbul edərdilər. Hesab edirəm ki, əvvəl-axır Ağdam-Xankəndi yolu açılacaq, bütün separatçılar və onların ətrafındakıların bu tip siyasi iyrənc oyunları da sona çatacaqdır”.

Azərbaycan, Qızıl Aypara Cəmiyyətinin timsalında bir daha öz niyyətini ortaya qoyur. Məqsədi aydın şəkildə qarşı tərəfə nümayiş etdirir. Sülhməramlıların himayəsində olanlar bunu nə qədər tez anlasalar, özlərinə bir o qədər xeyir etmiş olarlar. Çünki məramı sülh olanların vəzifələri 2 ildən sonra yekunlaşacaq, göndərilən humanitar yardımın istifadə müddəti də sonsuz deyil. Elə Azərbaycanın səbri kimi. Separatçılar, Ermənistan və havadarları 3 il öncənin sentyabrını yaddan çıxartmayıblar, yəqin.

Elnur Vahidoğlu