Son zamanlar sosial şəbəkələrdə saxta avtomobil nömrələri satışı ilə məşğul olan səhifələrin sayı çoxalıb. Burada daha çox digər ölkələrə məxsus, yaxud istəyə uyğun ad, soyad, ləqəb yazılmış nömrələrə rast gəlmək olur. İstifadəsi avtoxuliqanlıq edən, cinayət törədən sürücülər arasında geniş vüsət alan bu nömrələrin qanuniliyi və ya cəriməsi varmı? Növbəti materialda daha ətraflı.
Şəhər ərazisində avtomobillə hərəkət edən zaman hər birimiz nəqliyyat vasitəsində müxtəlif dəyişiklik edən sürücülərlə rastlaşırıq. Dəyişikliklər bəzən konstruksiya, bəzən də müxtəlif yazıların əks olunduğu dövlət qediyyat nişanları ilə bağlı olur. 1 cütünün qiyməti təxmini 50 manata başa gələn bu nömrələrə tələbat isə olduqca çoxdur.
Şəhər sakini: “Bir neçə ay bundan qabaq dostumuzun toyunda maşının nömrəsini sökərək, onun adı vurulan akssesuar quraşdırmışdıq. Bunu, sosial şəbəkələrdə paylaşdıqdan sonra elədik. Cavanlıqdır, elədik. Müəyyən bir məbləğdə cərimələndim. Burdan da gənclərə tövsiyə edirəm ki, elə şeylər etməsinlər”.
Bəzi sürücülər öz nəqliyyat vasitələrini fərqləndirmək üçün bu addımı atırlar. Amma bu, hərəkətdə olan digər sürücülərin diqqətini yayındıra bilər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirildi ki, sürücülər bu tipli saxta nömrələrdən istifadə edərək, polisdən yayınmağa, kameralardan qaçmağa və radara düşməməyə cəhd edirlər. Amma bu, yolverilməzdir. Çünki, avtomobilin üzərinə yalnız qanunla nəzərdə tutulmuş dövlət nişanı vurula bilər.
Eşqin Qasımov- DİN-in Mətbuat Xidmətinin əməkdaşı: “Aparılan monitorinqlər göstərir ki, əfsuslar olsun ki, sürücülər bəzən istər özlərinə məxsus dövlət qeydiyyat nişanına qanunsuz müdaxilələr edirlər, istərsə də digər dövlətlərə məxsus qeydiyyat nişanlarında istifadə olunur. Belə halda avtomobilin istismarı dərhal dayandırılır. Avtomobil dərhal duracağa yerləşdirilir və sürücü barəsində inzibati qaydada tədbir görüldükdən sonra avtomobilin istismarına icazə verilir. Keçirilən tədbirlər nəticəsində o da məlum olmuşdur ki, sürücülərin bu cür qanunsuzluq etmələrinə səbəb xüsusi texniki vasitələrdən yayınmaqdır ki, buraya sürət radarları, müşahidə kameraları və digərləri aiddir. Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının şəhər ərazisində keçirdikləri monitoriqlər nəticəsində, bu tip hadisələrdən 100-ə yaxın fakt aşkarlanaraq, sürücülər barəsində qanunamüvafiq tədbir görülüb”.
İnzibati Xətalar Məcəlləsinin 342.7 maddəsinə əsasən, saxta nömrələrdən istifadə edərək, dövlət qeydiyyat nişanının görünməsinə əngəl olan sürücüləri 4 bal və 100 manat cərimə gözləyir.
Aişə Rzayeva
- Baxış: 747