Azərbaycan Prezidenti İlham Əliyev Müstəqillik Günü münasibətilə Vyetnam Sosialist Respublikasının Prezidenti Vo Van Txıonqa təbrik məktubu göndərib. Məktubda Azərbaycan ilə Vyetnam arasında dostluq və əməkdaşlıq münasibətlərinin hər keçən il daha da inkişaf etməsi və dərinləşməsinin məmnunluq doğurduğu ifadə olunur. "Biz ikitərəfli əlaqələrimizin bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi-ticari, mədəni-humanitar, təhsil və digər sahələrdə inkişafına böyük əhəmiyyət veririk. Vyetnamla beynəlxalq təsisatlar, xüsusilə də Qoşulmama Hərəkatı və BMT çərçivəsində səmərəli əməkdaşlığımızı vurğulamaq istərdim. Hesab edirəm ki, ölkələrimiz arasında əməkdaşlığın keyfiyyətcə yeni səviyyəyə yüksəlməsi üçün yaxşı imkanlar vardır. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində hazırda aparılan genişmiqyaslı bərpa və yenidənqurma işlərində Vyetnam şirkətlərinin də iştirakını görməkdən məmnun olardıq. İnanıram ki, Azərbaycan-Vyetnam ənənəvi dostluq əlaqələrinin mövcud potensialından tam bəhrələnmək, həm ikitərəfli, həm də çoxtərəfli əsasda qarşılıqlı fəaliyyətimizi genişləndirmək yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik", - deyə məktubda qeyd olunur.
- Baxış: 303