Azərbaycan ilə Özbəkistanı əsl dostluq və qardaşlıq telləri birləşdirir. Belə möhkəm təməllər əsasında qurulmuş ikitərəfli münasibətlərimizin və strateji tərəfdaşlığımızın ildən-ilə yüksələn xətlə inkişaf etməsi və konkret məzmunla zənginləşməsi bizi sevindirir. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev ölkəsinin milli bayramı münasibətilə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə ünvanladığı təbrik məktubunda vurğulayıb. "Aramızdakı açıq və fəal siyasi dialoq, ali səviyyəli qarşılıqlı səfərlərimiz, mütəmadi görüşlərimiz, imzalanmış çoxsaylı sənədlər, uğurla həyata keçirilən birgə layihələr, o cümlədən Hökumətlərarası Komissiyanın fəaliyyəti əməkdaşlığımızın müsbət dinamikasını şərtləndirərək yeni tərəfdaşlıq istiqamətlərinin müəyyən edilməsində mühüm rol oynayır. Əminəm ki, dövlətlərarası münasibətlərimizin daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın prioritet sahələrinin inkişafı, beynəlxalq təşkilatlar, xüsusilə də Türk Dövlətləri Təşkilatı çərçivəsində uğurlu birgə fəaliyyətimizin davam etdirilməsi və genişləndirilməsi yolunda bundan sonra da səylər göstərəcəyik, - deyə dövlətimizin başçısı məktubunda bildirib.
Bu il diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd edəcək Azərbaycan ilə Slovakiya arasında əlaqələrin dinamikası məmnunluq doğurur. Ölkələrimizin fəal dialoqu bir sıra sahələrdə, xüsusilə də enerji sahəsində əməkdaşlığımızın yüksələn xətlə inkişaf etməsinə şərait yaradıb. Bu fikirlər isə Prezident İlham Əliyevin Slovakiya Prezidenti Zuzana Çaputovaya bu ölkənin milli bayramı - Konstitusiya Günü münasibətilə göndərdiyi məktubunda yer alıb. "Əminəm ki, Azərbaycan-Slovakiya dostluq əlaqələrinin möhkəmləndirilməsi, ticarət, investisiya qoyuluşu, nəqliyyat və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımızın böyük potensialının reallaşdırılması istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik", - deyə Prezident məktubunda qeyd edib.
- Baxış: 296