Azərbaycanda akkreditə olunan diplomatik korpusun nümayəndələri və hərbi attaşelər Ağdam-Xankəndi yolunda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ərzaq yüklərinin yerləşdiyi məntəqə ilə tanış olublar. 50-dən artıq ölkə və beynəlxalq təşkilatdan 60-a yaxın şəxs, habelə xarici jurnalistlər əraziyə baxış keçiriblər. Onlara Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tərəfindən ətraflı məlumat verilib.
Ağdam-Xankəndi yolunun böyük ötürücülük qabiliyyəti var və bu yol daha səmərəlidir. Bu yol düzənlik ərazidən keçərək Azərbaycanın əsas hissəsi ilə Xankəndi şəhərini və Qarabağın digər bölgələrini əsaslı şəkildə əlaqələndirmək imkanlarına malikdir. Təəssüflər olsun ki, Ermənistan və onun Azərbaycanın Qarabağ bölgəsində yaratdığı, bu günə qədər də dəstəkləməyə davam etdiyi qondarma kriminal rejim tərəfindən yenə də məqsədyönlü şəkildə siyasi manipulyasiyalar, siyasi möhtəkirlik məqsədilə bu yolun açılmasına imkan verilmir. Bunu, Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.
Hikmət Hacıyev- Azərbaycan Prezidentinin köməkçisi: “Azərbaycan tərəfindən dəfələrlə bəyan edilmişdir ki, Ağdam-Xankəndi yolu fəaliyyətdədir və bu yol ilə istənilən yüklərin Xankəndinə və ətraf ərazilərə çox qısa müddət ərzində çatdırılması təmin oluna bilər. Bu yoldan bu şəkildə imtina edilməsini biz yalnız rasizm və diskriminasiya kimi qiymətləndirə bilərik. Yoldan bu formada imtina yalnız və yalnız rasizmdir. Azərbaycan yolları açaraq reinteqrasiya prosesini başlamaq niyyətindədir. Bu reinteqrasiya prosesinin tərkib hissəsi olaraq Azərbaycan Qarabağda yaşayan erməni sakinlərin hüquqlarını və təhlükəsizliyini, eyni zamanda, onların öhdəliklərini Azərbaycan Konstitusiyası və Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq sənədlər əsasında təmin etməyə hazırdır. Amma görürük ki, onlar yol mövzusunu məqsədyönlü şəkildə siyasi spekulyasiya və siyasi manipulyasiya mövzusuna çeviriblər. Ermənistan tərəfindən də məqsədyönlü şəkildə bu siyasətə dəstək verilir”, - deyə H.Hacıyev əlavə edib”.
Ermənistan Azərbaycan ilə razılaşdırmadan demonstrasiya və populizm məqsədilə müxtəlif yük maşınlarını Azərbaycanla sərhədə, yəni “Laçın” sərhəd-keçid məntəqəsinə gətirib. Prezidentin köməkçisi bildirib ki, dünən də bəzi erməni lobbisinin tərəfdarı və təsiri altındakı korrupsioner Avropa siyasətçiləri bu teatr xarakteri daşıyan dramanın tərkib hissəsi olaraq Azərbaycan sərhədinə doğru gəlib. Bu kimi addımların heç bir mənası yoxdur. Bu kimi şou xarakterli addımlardansa, real məsələləri yerində həll etmək lazımdır.
Hikmət Hacıyev- Azərbaycan Prezidentinin köməkçisi: “Azərbaycan öz ərazisində hansısa boz zonanın olmasını qəbul etməyəcək. Kimlərsə düşünürsə ki, onlar mövcud şəraiti olduğu kimi davam etdirəcəklər və bu separatist statusda yaşamağa davam edərək qeyri-qanuni rejimin mövcudluğunu təmin edəcəklər, bu, baş verməyəcək. Azərbaycan heç bir halda buna dözməyəcək. Onların bu yalançı humanitar şousunun əsas məqsədi ondan ibarətdir ki, əsl niyyətlərini və xislətlərini gizlətsinlər. Əsl niyyətləri isə vaxtilə işğal altında olan Azərbaycan ərazilərində yaratdıqları qondarma, qanunsuz rejimin yaşamasını təmin etməkdir və bunun üçün müxtəlif bəhanələrdən istifadə edirlər”.
Bu yüklərin bura çatdırılması bir daha Azərbaycanın niyyətinin göstəricisidir. Amma yüklərin qəbul edilməməsi və imtina edilməsinə görə də məsuliyyət tam şəkildə qondarma rejimin və Ermənistanın üzərinə düşür, - Hikmət Hacıyev əlavə edib.
Azad Mustafayev
- Baxış: 319