Son günlər beynəlxalq səviyyədə uğurlu nəticələr göstərən Gəncə idmançılarının Nizami yurdunda qarşılanma mərasimi keçirilib. İdmançılar ənənəyə uyğun olaraq Zəfər tağının önündə qarşılanıblar.
Gəncə idmançılarından Gültəkin Şirinova Rusiyada təşkil edilən Beynəlxalq Universitet İdman Festivalında qızıl medal qazanıb. Şahlar Nağıyev Türkiyədə keçirilən boks gecəsində döyüşünü qələbə ilə başa vurub. Fuad Quliyev isə 2-ci MDB oyunlarında muay-tay idman növü üzrə gümüş mükafatçı olub. Təntənəli qarşılanma mərasimində şəhərin idman ictimaiyyətinin nümayəndələri, həmçinin medalçıların ailə üzvləri iştirak ediblər.
Gültəkin Şirinova- Beynəlxalq Universitet İdman Festivalının qalibi: “Bir ayda 3 yarışda güləşdim. Yekaterinburqda keçirilən universiadada qızıl medala sahib oldum. Çox sevinirəm ki, bu il 3 yarışın 3-də də bütün medalları komplekt götürdüm. İnşallah qabaqda, apreldə keçirilən lisenziya turniri var və orda iştrak etmək şansım var, inşallah, ordan lisenziyanı götürüb, olimpiada da güləşmək şansım olar”.
53 kq çəki dərəcəsində güləşən Gültəkin Şirinova Yekaterinburq yarışının finalında Rusiya təmsilçisi Aleksandra Karamzinaya qalib gəlib. Əməkdar məşqçi Mehman Allahverdiyevin yetirməsi bundan əvvəl iyun ayında İspaniyada 20 yaşadək güləşçilərin Avropa çempionatında gümüş, daha sonra isə İordaniyada keçirilən dünya çempionatında bürünc medal qazanıb.
Mehman Allahverdiyev- Əməkdar məşqçi: “Bu gün mən məşqçi kimi öz tələbəm Gültəkin Şirinovanın qarşılanma mərasimində idim. Gültəkin bir ay ərzində 3 mötəbər yarışda güləşib. Şükürlər olsun, keçən həftə Rusiyada keçirilən Ali məktəblərin universiadasında bütün rəqiblərinə qalib gələrək çempion oldu. Bu münasibətlə bütün gəncəliləri, bütün güləş aləmini təbrik edirəm ki, Gəncə şəhərində güləş ənənəsi var, amma qadın güləşində da artıq elə bir ənənə qoyduq ki, Gültəkin 2024-cü il Olimpia oyunlarına vəsiqə qazana biləcək bir idmançıdır”.
Tədbirdə Gəncə idmançılarının son dövrlərdə qazandıqları uğurlardan bəhs olunub.
İntiqam Hüseynov- Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi rəisi: “Gəncə idmançıları ayrı-ayrı beynəlxalq yarışlarda dünya, Avropa çempionatı, tələbələrin universiadasında, eyni zamanda Belarusiyada keçirilən MDB oyunlarında nəticə əldə etmişdir ki, bu gün də onları qarşıladıq, təbrik etdik, onların yarış təəssüratları ilə tanış olduq. Qeyd edim ki, sevindirici haldır ki, bizdə güləş idman növündə qadınların da idmanla məşğul olmasında kütləvi hal olubdur ki, bu gün də bizim güləşçilərimizi qarşıladıq. Son beynəlxalq nəticələri çox ürəkaçandır”.
Tədbirin sonunda mükafatçılarla xatirə şəkili çəkdirilib.
Fərid Mehdiyev
- Baxış: 502