Azərbaycan Premyer Liqasında IV tura yekun vurulub. "Kəpəz" bu dəfə səfərdə son çempion “Qarabağ”ın qonağı olub.
Birinci turda “Neftçi” üzərində qələbə qazanan gəncəlilər bu dəfə də sürpriz gerçəkləşdirməyi bacarıblar. Matçda hesabı 9-cu dəqiqədə yeni transfer Olavio Juninyorun erkən qolu ilə Ağdam təmsilçiləri açsalar da, Azər Məmmədovun yetirmələri əzmkarlıq nümayiş etdirməyi bacarıblar. İlk yarıda bir çox hücümu məntiqi sonluqla nəticələndirə bilməyən "sarı-göylər" istəklərinə ikinci hissədə nail olublar. Qarşılaşmanın 86-cı dəqiqəsində Cavad Kərimov dəqiq baş zərbəsi ilə komandasına 1 xal qazandıran qolu vurub. "Qarabağ" 1 - "Kəpəz" 1. Bu nəticə sayəsində “Qarabağ” xallarının sayını 7-yə, “Kəpəz” isə 4-ə yüksəldib.
Oyundan sonra keçirilən mətbuat konfransında Azər Məmmədov Ağdam təmsilçisinin Azərbaycan çempionatının ən güclü komandası olduğunu vurğulayıb: "Bu görüşün favoriti də onlar idi. Gözlənilən o idi ki, rəqib qalib gələcək. Amma dünyada futbol bərabərləşmək üzrədir. Futbolçuların möhtəşəm oyununa görə təşəkkür düşür. Onların oyununu qeyd etməliyəm", deyə, Məmmədov qeyd edib.
Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov isə oyunun istədikləri kimi alınmadığını bildirib. "Rəqibi yaxşı oyuna görə təbrik edirəm. Son vaxtlar sıx qrafikdə oynayırıq. Oyunçulara deyəsi bir şey yoxdur. Səhvlərimiz oldu. Bəzən düşünmədiyimiz, istəmədiyimiz nəticələr olur", deyə, vurğulayıb.
- Baxış: 412