Azəristiliktəchizat Açıq Səhmdar Cəmiyyəti payız qış mövsümünə hazırlıqla bağlı olaraq bütün qazanxanalarda hazırlıq işlərini davam etdirir. Cəmiyyətin bölgələrdəki İstilik Sistemləri İstismar Sahələri də tədbirlər planına uyğun olaraq işlərini həyata keçirir. Gəncədə cəmiyyətin balansında olan 16 qazanxana qış mövsümünə tam hazır vəziyyətə gətirilir. Məqsəd, qış mövsümü başlayanda bütün qazanxaların tam gücü ilə fəaliyyət göstərməsidir.
Gəncə İstilik Sistemləri İstismar Sahəsinin balansında olan 16 qazanxana istilik mövsümü ərzində 26 yaşayış binası, 8 təhsil ocağına, 10 səhiyyə obyekti və 5 büdcə təşkilatına xidmət göstərir. 2022-2023-ci illər payız qış mövsümü bitdikdən sonra növbəti qış mövsümünə hazırlıqlara başlanılıb və hazırlıqlar tədbirlər planına uyğun olaraq aparılır. Hazırlıqlarla əlaqədar olaraq, qazanxanalarda yeraltı və yerüstü tüstü yollarının təftişi və təmizlənməsi işləri yekunlaşıb. Genişləndirici çənlər təftiş edilib, hava hissəsində təzyiq tənzimlənib. Eyni zamanda 23 ehtiyat su çəni təftiş olunub, təmizlənib və növbəti mövsüm üçün hazır vəziyyətə gətirilib. Kimyəvi suyumşaltma qurğuları da təmizlənib və növbəti mövsüm üçün işə hazırlanıb. 222 ədəd siyirtmə yoxlanılıb və 45 ədəd siyirtmədə cari təmir işləri aparılıb.
Sənan Həsənov- Gəncə İstilik Sistemləri İstismar Sahəsinin rəisi: “15 km istilik kəmərləri yuyularaq, hidravliq təzyiqə yoxlanılıb. Qazanların faydalı modulları açılaraq, içərisində kimyəvi yuyulma aparılıb. İstilik mübadilə aparatları təftiş olunaraq kimyəvi yolla təmizlənib. Suyumşaldıcı qurğular təftiş olunaraq yarana biləcək qüsurlar aradan qaldırılıb. Elektrik avadanlıqları təftiş olunub. Yarana biləcək qüsurlar tərəfimizdən aşkarlanıb, əvvəlcədən tədbirlər görülüb”.
Bundan başqa, görülən işlər çərçivəsində qazanxanaların qazla bağlı yarana biləcək mümkün təhlükələri də diqqətdə saxlanılır. Müxtəlif diametrli qaz ventilləri və siyirtmələri yoxlanılıb. 3 ədəd qaz sayğacı “Azəriqaz” tərəfindən dövlət yoxlamasına aparılıb və 1 ədəd sayğac yerinə quraşdırılıb. Qazların qızma səthinin mexaniki üsulla təmizlik işləri də aparılıb. Həmçinin, təhlükəsizlik baxımından qazanxanaların bütün avadanlıqlarının üzərinə onun fəaliyyət funksiyası yazılıb, eləcə də təhlükəsizlik texniki guşəsi löhvəsi də divara vurulub. Qazanxanaların fəaliyyəti istər maddi cəhətdən, istərsə də təhlükəsizlik baxımından olduqca sərfəlidir. Ona görə də qazanxanaların qış mövsümündə işlədilməsi vacibdir.
Kamran Məmmədov- sahə rəisi: “Qış mövsümünə hazırlıqla bağlı qazanxanalarda yoxlamalar aparırıq, qüsurları aşkar edirik. Qazanların təmizliyi, motorların işlək vəziyyətə gətirilməsi, istilik qurğularının yoxlanılmasını və onların qış mövsümünə hazırlanmasını həyata keçiririk. Hələ ki, bu, qış mövsümü başlayana kimi davam edəcəkdir. Bunları mümkün qədər də tez bir zamanda yekunlaşdırmağa çalışırıq”.
Nazirlər Kabinetinin sərəncamına uyğun olaraq qış mövsümünə keçid noyabırın 15-dən başlayır və aprel ayının 15-nə kimi davam edir. Bu müddət ərzində qazanxanaların işləməsini mövsümi işçilər olan əməliyyatçılar nəzarətdə saxlayırlar.
Elnur Vahidoğlu
- Baxış: 424