Gəncədə azyaşlı uşaqlar arasında kəskin infeksion xəstəliklər artıb. Məhz elə bunun nəticəsidir ki, son bir aya yaxın müddətdə Gəncə şəhər Uşaq Xəstəxanasına müraciətlər də çoxalıb. Belə ki, hər gün xəstəxanaya 400-ə yaxın azyaşlı qəbul olunur. Bu da ötən aylara nisbətən 50 faiz çoxdur.
Kəskin infeksion xəstəliklər daha çox 5 yaşa kimi uşaqlarda rast gəlinir və simptomları bir həftədən bir aya qədər davam edə bilir. Həmin virus ilk növbədə mədə-bağırsağın selikli qişasını zədələyir və özünü müxtəlif əlamətlərlə büruzə verir. Belə ki, uşaqlarda qusma ilə başlayır daha sonra halsızlıq və ishal əlamətləri ilə təxminən 3-4 gün davam edir. Həkimlər sadalanan əlamətləri uşaqlarda hiss etdikdə dərhal həkimə müraciət etməyi tövsiyə edirlər. Bu, xəstənin müalicəsinin vaxtında və düzgün aparılması üçün olduqca vacibdir.
Səbuhi Həsənov - Gəncə şəhər Uşaq Xəstəxanasının baş həkimi: "Gün ərzində saat 10-11-dən sonra axşam saat 4-5-ə kimi uşaqları çox günün altında saxlamasınlar. Saxlanan qidalardan istifadə etməsinlər. Bayat qidalardan qidalandığına görə, havanın temperaturunun yüksək olması ilə əlaqədar olaraq infeksion xəstəlikləri artır. Əgər 3 yaşdan aşağı uşaqlarda ilkin olaraq qusmanı gördükləri zaman mütləq xəstəxanaya müraciət etməlidirlər. Xəstəliklərin qarşısı alınmalıdır. Xəstəxanada həkim məsləhəti ilə müalicələrə başlamalıdırlar".
Kəskin infeksion xəstəliklər ağır fəsadlarla nəticələnə bilən xəstəliklərə aid edilir. Ona görə də uşaqların stasionar müalicəsi vacib sayılır. Məhz elə buna görədir ki, xəstəxanada 50-yə yaxın stasionar xəstə müalicə olunur.
Nazlı Cəfərova - sakin: "Nəvəmin ciyərləri tutulmuşdu, öskürürdü, qızıdırması var idi. Ciyərlərində bəlğəm çox idi. Ona görə də müalicəsini elətdirdik. Doqquz gündür xəstəxanadayıq. Şükür, indi yaxşdır".
Aysel Məmmədova - sakin: "Uşaqları xəstəxanaya gətirmişəm. İkinci gündür ki, burdayıq. Razıyam, gətirdiyimiz günə nisbətən vəziyyətləri yaxşıdır".
Gəncə şəhər Uşaq Xəstəxanasında bu xəstəliklə bağlı olaraq stasionar qaydada müalicə ilə yanaşı ambulator müalicələr də təyin olunur. Azyaşlılara ambulator şəraitdə müalicə yazıldıqdan sonra, sahə həkimlərinə yönəldilərək müalicəsi davam etdirilir.
Elnur Vahidoğlu
- Baxış: 329