Naftalanda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə “QHT-lərin II İnkişaf və Mübadilə Proqramı”nın açılış mərasimi keçirilib. 100-ə yaxın QHT keyfiyyətli layihə yazılması və idarəedilməsi təliminə cəlb olunub.
QHT-lərin II İnkişaf və Mübadilə Proqramının Açılış mərasimində bu proqramın dövlətin QHT-lərə növbəti hədiyyəsi olduğu bildirilib. Son illər ictimai iştirakçılığın təşviqi, QHT-lərin bilik və bacarıqlarının artırılması sahəsində görülən işlər barəsində məlumat verilib. Qeyd edilib ki, Agentliyin əsas fəaliyyət istiqamətlərindən biri dövlət və cəmiyyət həyatında QHT-lərin rolunun artırılması, mütəmadi olaraq onlara maliyyə, metodiki dəstək göstərilməklə bu sahənin daha da inkişafına dəstək olmaqdır.
3 gün davam edəcək təlim çərçivəsində peşəkar təlimçilər tərəfindən QHT-lərə keyfiyyətli layihə yazılışı və idarəedilməsi vərdişləri öyrədiləcək, beynəlxalq layihə yazılışı standartları tətbiq edilməklə, qrup işləri təşkil olunacaq. Təlimin yekununda uğurlu nəticə göstərən QHT-lərə Agentliyin sertifikatları təqdim olunacaq.
Bu il “QHT-lərin II İnkişaf və Mübadilə Proqramı” üçün müsabiqədə 200-ə yaxın müxtəlif QHT təmsilçisi iştirak edib. Onlardan 90 nəfər QHT təmsilçisi müsabiqədən keçərək təlimdə iştirak hüququ qazanıb. İştirakçılar respublika üzrə 20-ə yaxın rayon və şəhəri təmsil edir.
- Baxış: 318