Ölkəmizdə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlərin davamı, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə olan ictimai maraq nəzərə alınaraq, Şəmkir Rayon Prokurorluğunda “Açıq qapı” günü keçirilib. Tədbirdə media qurumları və qeyri-hökumət təşkilatlarının nümayəndələri, eləcə də dövlət qurumları və hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak ediblər. İnzibati binanın infrastrukturu barədə məlumatlandırılan iştirakçılar binada əməkdaşlar üçün yaradılan iş şəraiti ilə tanış olublar. Həmçinin, iştirakçılara “Elektron prokurorluq” informasiya sistemi əyani olaraq nümayiş olunub. Kriminalistik avtomobil və avadanlıqlarla tanış olan qonaqlara istintaq hərəkətlərinin keçirilməsi zamanı müasir texnikadan istifadənin əhəmiyyəti izah olunub.
Daha sonra “Heydər Əliyev siyasəti: Müasir dövlət quruculuğu” adlı konfrans keçirilib. Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev mərkəzinin Muzey hissəsində Ulu Öndərin zəngin dövlətçilik irsini, həyat və fəaliyyətini özündə əks etdirən eksponat və fotostendlər ilə tanış olub.Tədbirdə çıxış edən Baş Prokurorluğun idarə rəisi Ceyhun Kazımov müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dahi lider Heydər Əliyevin mövcud iqtisadi inkişafın və hərtərəfli tərəqqinin əldə olunmasındakı rolundan bəhs edib. Tədbir iştirakçıları “Böyük şəxsiyyət...3 ştrixdə” sənədli filminə baxıb. Daha sonra dövlət qurumları ilə qeyri-hökumət təşkilatları və bölgə mediası arasında operativ və səmərəli əməkdaşlığın qurulması məqsədilə fikir mübadiləsi aparılıb.
Ceyhun Kazımov - Baş Prokurorluğun idarə rəisi: "Baş Prokurorluq tərəfindən də Ulu öndərin 100 illiyi ilə bağlı respublika üzrə silsilə tədbirlər həyata keçirilir. Məhz bu konfrans da Heydər Əliyev siyasəti və müasir dövlət quruculuğuna həsr edilmişdir. Konfransda biz çalışdıq ki, Ulu öndərin dövlət və xalq qarşısındakı xidmətlərinə, onun dövlət quruculuğu ilə verdiyi dəyər və bu sahədə gördüyü işlərdən bəhs edək".
- Baxış: 485