Ermənistanın BMT yanındakı Daimi Nümayəndəliyi Təşkilatın mənzil-qərargahında üzv ölkələrin əksəriyyətindən gizlincə iclas keçirib. Azərbaycanın BMT yanındakı Daimi Nümayəndəliyi erməni diplomatların bu davranışını pisləyərək onları dünya təşkilatının platformasından “sui-istifadə etməkdə” suçlayıb. Bu barədə Azərbaycanın BMT yanındakı Daimi Nümayəndəliyinin press-relizində bildirilib. "Təəccübləndirmir ki, açıq debatlarda Azərbaycana növbəti dəfə böhtan atmaq cəhdlərinin nəticəsizliyi ilə üzləşən Ermənistanın Daimi Nümayəndəliyinin bunu gizli, bağlı qapılar arxasında etməkdən başqa çarəsi yoxdur. Aydındır ki, bu cür yanaşma BMT Nizamnaməsinin ruhu və hərfi, Təşkilatın məqsədləri ilə bir araya sığmır. Azərbaycanın Daimi Nümayəndəliyi bu qəbildən olan təxribat xarakterli hərəkətləri, o cümlədən münasibətlərin normallaşdırılması və regionda davamlı sülh və sabitliyin bərqərar edilməsi səylərinə xələl gətirən yanlış interpretasiyaların formalaşdırılması və təşviq edilməsi üçün BMT platformasından sui-istifadəni pisləyir", - press-relizdə diqqətə çatdırılıb.
- Baxış: 340