• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1910
— 23.08.2023 16:20

Yayın mövsümi xəstəlikləri

KepezTV Player

Hər mövsümün havası bütün insanlar üçün eyni dərəcədə təsir göstərmir. Xüsusən də, yay fəslində temperaturun yüksəlməsi ilə əlaqədar bir sıra mövsümi xəstəliklər artır. Kəskin respirator xəstəliklər, həmçinin xroniki bronxitlərin kəskinləşməsi qeydə alınır ki, bu kimi müraciətlərə də son zamanlar daha çox rast gəlinir.

Yay fəslində daha çox günəş şüalarının təsirindən allergik dermatitlər formasında üzə çıxan dəri xəstəliklərinə rast gəlinir. Vətəndaşlar əksər hallarda ultrabənövşəyi şüalardan qoruyan vasitələrdən, yəni günəş kremlərindən istifadə etmir. Nəticədə isə xəstəliklər özünü həm dəri yanıqları şəklində, həm də həssas dərilərdə allergik formada dəri töküntüləri ilə büruzə verir.

Həkim-terapevt bildirib ki, ürəyin işemik xəstəliklərinə də çox rast gəlinir. Qızmar hava müşahidə edilən zaman nə qədər çox su içilsə də, orqanizmdən maye ifrazı artdığı üçün tromb əmələ gəlməyə meylliliyin artması müşahidə edilə bilər. Bəzi hallarda aşağı ətraf venalarının isti havanın təsirindən genəlməsi səbəbi ilə arterial təzyiqin qeyri-stabil olması, çox zaman isə düşməsi baş verə bilər.

Yay mövsümündə ən çox rast gəlinən hallardan biri isə günvurma ilə bağlıdır. Mütəxəssislərin sözlərinə görə, insanda günvurma əlamətləri özünü biruzə verdikdə, dərhal həkimə müraciət edilməlidir.

Mövsümi xarakterli yaranan xəstəliklər sonrakı dövrlərdə daha da inkişaf edərək müalicəsi çətinləşən xəstəliklərə çevrilə bilər. Səhhətində istənilən problemlə qarşılaşan vətəndaşlar mütləq şəkildə ilkin səhiyyə xidməti göstərən tibb müəssisələrinin həkim-mütəxəssislərinə üz tutmalıdır. Yalnız bu zaman istənilən xəstəliyi vaxtında aşkarlamaq və inkişafının qarşısını almaq olar.

Fərid Mehdiyev