Son günlər Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən mövqelərimizin atəşə tutulması ilə bağlı xəbərləri tez-tez təqdim edirik. Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülsə də, düşmən tərəfinin təxribat planları səngimək bilmir. Xüsusilə Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərdən bu təxribatların törədilməsi isə məsələnin sual doğuran başqa bir tərəfidir. Məramı sülh olanlar niyə bu cəhdlərin qarşısını ala bilmir? Atəşkəsin tez-tez pozulmağına səbəb nədir? Bu mövzuda süjetimiz var.
Ermənistanın, Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutması regionda vəziyyəti gərginləşdirməyə xidmət edir. Guya həmin ərazilərdə stabillik yoxdur, müharibə həll olunmayıb görüntüsü yaratmağa çalışır. Bununla da düşmən, münasibətlərin normallaşması təşəbbüslərinə qarşı çıxır. Bu, Vətən müharibəsində məğlub olan, bacarıqsız olduğunu göstərən Ermənistanın son çırpınışlarıdır. Amma rəsmi İrəvan mövcud reallıqlarla barışmalı, razılaşmalara, o cümlədən götürdüyü öhdəliklərə əməl etməlidir.
Ermənistan tərəfi mövqelərimizi atəşə tutmaqla yanaşı, həm də yerdəyişmə etməyə cəhd göstərirlər. Bununla da erməni hərbi birləşmələri öz mövqelərini möhkəmlənməyə çalışırlar. Bundan başqa Qarabağdakı qanunsuz erməni silahlı dəstələri Azərbaycan Ordusunun mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstərirlər.
Ermənistan və onun havadarları müxtəlif təxribatlarla Azərbaycana təzyiq göstərərək, separatçıların Qarabağ ərazisində mövcudluğunu qoruyub saxlamaq istəyirdilər. Lakin onların bütün cəhdləri boşa çıxdı. Artıq həm onlar, həm də havadarları Azərbaycana qarşı bu cür çirkin oyunlarını davam etdirə bilməyəcəklərini və Qarabağı tərk etməyin onlar üçün ən doğru seçim olduğunu başa düşdülər.
BMT Təhlükəsizlik Şurasında fiaskodan sonra ermənilərin Qarabağ ərazisini kütləvi şəkildə tərk etməsi onu göstərir ki, qarşı tərəf artıq yolun sonu olduğunu anlayıb. Ya Azərbaycan qanunlarına hörmətlə yanaşıb Qarabağda qalacaqlar, ya da qapılar açıqdır, buranı tərk edib, istədikləri yerdə yaşaya bilərlər.
- Baxış: 359