• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1277
— 19.08.2023 19:03

Kütləvi meşə yanğınlarının yaranma səbəbləri

KepezTV Player

Yay mövsümündə meşə yanğınları daha çox rast gəlinən hadisələrdəndir. Ekspertlər bildirirlər ki, meşələrdə hər 10 yanğından 9-u odla ehtiyatsız davranma və yaxud yanğın təhlükəsizliyi qaydalarının pozulması səbəbindən baş verir. Ölkəmizdə də meşələr bu cür hadisələrdən sığortalanmayıb. Son olaraq Şamaxıda 7 hektarlıq sahədə yanğın olub, yanğınsöndürmə işləri mürəkkəb relyefli şəraitdə həyata keçirilib. Bu məqam bir daha meşə yanğınları ilə bağlı mövzünu aktuallaşdırır. Pərvin Abbaszadənin reportajını izləyək.

Bir çox ölkələrdə meşə yanğınları onlarla insanın həyatına son qoyub, yüzminlərlə hektar meşə sahələri məhv olub. Dünyada yaşanan bu cür hadisələr şübhəsiz ki, meşələrin qorunmasının aktuallığını bütün ciddiliyi ilə gündəmə gətirib. Bəs ölkəmizdə yay aylarında hamının istirahət üçün üz tutduğu dağlıq rayonlarda meşələrin qorunması, yanğın təhlükəsinin qarşısının alınması istiqamətində hansı preventiv tədbirlər görülür?

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin təlimatçısı Nizami Fərəcov televiziyamıza açıqlamasında bildirib ki, meşələrdə yanğınlar ehtiyatsız davranma və yaxud meşədə iş və istirahət zamanı insanların yanğın təhlükəsizliyi qaydalarını pozması səbəbindən baş verir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, isinmək, yemək bişirmək üçün qalanmış tonqallar və meşəni tərk edərkən bu tonqalların tam söndürülməməsi kütləvi meşə yanğınlarına səbəb olur.

Təbiət tükənməyən sərvət olsa da, laqeydlik, ehtiyatsızlıq və nəzarətsizlik ucbatından tükənir, məhv olur. Elə buna görə də təbiət qarşısında hər bir sıravi vətəndaş öz məsuliyyətini hiss etməlidir. Xüsusən regionlarda yaşayan, təbiətlə birbaşa ünsiyyətdə olan şəxslər çox ehtiyatlı olmalıdır. Onların kiçik bir səhlənkar hərəkəti belə təbiətə qiyməti ölçülməyən dərəcədə ziyan vura bilər.