Övlad sahibi olmağı hər bir ailə arzulayır, ancaq bu xoşbəxtlik hər adama nəsib olmur. Həmin xoşbəxtliyi bəzi ailələr illərlə gözləməli olurlar. Bəzən isə övlad sahibi olmağa hazırlaşanlar uşağın cinsindən narazı olurlar. Oğlan uşaqlarının olmasını arzu edirlər. Bu isə demoqrafik balansın pozulmasına səbəb olur.
Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-iyun aylarında ölkə üzrə 53 918 doğulan körpə qeydə alınıb. Doğulanlar arasında oğlan uşaqları 53,2 faiz, qız uşaqları isə 46,8 faiz olub. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparıcı məsləhətçisi Sədaqət Rəhimova bildirib ki, qanunvericiliyinə əsasən cinsi mənsubiyyətinə görə ayrı-seçkilik yolverilməzdir. Bununla belə Azərbaycanda abort hamiləliyin 12 həftəsinə qədər, xüsusi hallarda isə 12-28 həftə arasında qanunidir.
Azərbaycanda doğulan uşaqlar arasında cinsə görə nisbətin ciddi şəkildə pozulması davam edərsə, 2050-ci ilədək doğulan oğlanların sayı qızlardan 12-15 min çox olacaq. Ailələrin daha çox oğlan uşaqlarına üstünlük verdiyini həkimlər də təsdiqləyir.
Mütəxəssislər deyir ki, müəyyən fəaliyyət sahələri var ki, orada sırf qadınların çalışması nəzərdə tutulub. Demoqrafik balansın pozulması qeyri-ixtiyarı olaraq bu sahələrə kişilərin müdaxiləsi ilə nəticələnəcək.
Əksəriyyət, oğlan uşağına ailənin köməkçisi, qazanc mənbəyi kimi baxır. Qız övladını yük kimi görürlər. Ona görə də oğlan uşaqlarına üstünlük verirlər. Əfsuslar olsun ki, müasir dövrdə də bununla bağlı köhnə fikirlər bir o qədər dəyişməyib. Oğlanlara soyadın, nəslin davamçısı, varis kimi baxılır.
Hazırda Azərbaycanda hər 100 qıza 105-107 oğlan düşür. 2023-cü ilin 1-ci yarısında əhalisinin ümumi sayının 50,2 faizini qadınlar, 49.8 faizini isə oğlanlar təşkil edib. Mütəxəssislər elə hesab edir ki, hələlik rəqəmlər normaldır. Ancaq irəliləyən illərdə cins nisbətinin pozulması təhlükəli hal ala bilər. Bu isə çox ciddi demoqrafik problemlərin anonsu kimi qəbul edilə bilər.
- Baxış: 332