Azərbaycan Texnologiya Universiteti 2023\2024-cü tədris ilində bakalavr və magistr tədris planına dəmiryolu sahəsi ilə bağlı fənlər əlavə edib. Artıq universitet yeni tədris dövründən bu sahə üçün kadrlar yetişdirməyə start verəcək.
Universitetdən verilən məlumatda bildirilib ki, gələcəkdə istismara veriləcək Zəngəzur dəhlizinin sayəsində dəmiryolu nəqliyyatı sahəsində böyük sıçrayışın olacağı, buna görə də sözügedən sahədə ciddi kadr ehtiyacının yaranacağı proqnozlaşdırılır. Bunu nəzərə alan ali təhsil müəssisəsi yeni tədris dövründən bu sahə üçün kadrlar yetişdirməyə başlayacaq. Universitetdə Azərbaycan Dəmir Yolları tədris otağı yaradılaraq tələbələrin istifadəsinə veriləcək. Tələbələr Gəncə Dəmiryolu Vağzalı, Gəncə Yeni Lokomativ Deposu və stansiyalarda təcrübə proqramlarında iştrak edə biləcəklər.
Peşəkar dəmiryolçu olmaq istəyən gənclər builki tələbə qəbulunda “Nəqliyyat mühəndisliyi”, “Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi” ixtisaslarını seçə bilərlər. Artıq bu sahəyə aid tədrisə əlavə olunan fənnlər də müəyyənləşdirilib.
Şakir Əliyev - UTECA-nın "Maşın mühəndisliyi və logistika" kafedrasının müdiri: "Universitet əlaqələri çərçivəsində ATU ilə ADY QSC- nin arasında əldə olunmuş razılığa əsasən, 2023\2024-cü ildən etibarən tədris planlarında mövcud ixtisaslarda yeni seçmə fənnlər dəmiryolu sahələri üzrə əlavə olunmuşdur. Məsələn, Dəmir yolları fənni, Dəmiryolunun hərəkət vasitələri, Dəmiryolu stansiyaları və qovşaqları, lokomotivlər və digər fənnlər daxil edilmişdir".
Dəmiryolçu məzunlar universiteti bitirdikdən sonra gələcəkdə Azərbaycan Dəmir Yollarının müxtəlif xidmət sahələrində çalışmaq imkanı əldə edəcəklər.
- Baxış: 351