Son günlər Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki qeyri-qanuni erməni silahlı birləşmələrinin və Ermənistan silahlı qüvvələrinin qalıqlarının aktivliyi müşahidə olunur. Döyüş mövqelərinin şəxsi heyət, silah-sursat baxımından gücləndirilməsi, eləcə də yeni müdafiə hədlərinin, səngərlərin, uzun müddətli fortifikasiya qurğularının hazırlanması və əraziyə minaların basdırılması görünür. Mövqelərimiz atəşə tutulur.
Bununla yanaşı, Qarabağ iqtisadi rayonunun bir neçə yaşayış məntəqəsində müxtəlif təyinatlı döyüş texnikası, xüsusilə də hava hücumundan müdafiə və radioelektron mübarizə vasitələrini yerləşdirilməsi, mülki əhalinin kütləvi şəkildə silahlandırması faktları da məlum olub. Planlaşdırılmış şəkildə atəş mövqeləri bir çox hallarda yaşayış evlərinin yaxınlığında yerləşdirilir. Eyni zamanda Ermənistan silahlı qüvvələrinin bölmələri yenə Azərbaycanın Laçın rayonu istiqamətində əlavə qüvvə və hərbi texnika toplayır. Bu onu göstərir ki, ermənilərin hələ də ağılları başlarına gəlməyib və başqaları tərəfindən idarə olunurlar. Siyasi şərhçi Tural İsmayılov belə düşünür. Onun sözlərinə görə, qarşı tərəfi bu qanunsuz əməllərə vadar edən qüvvələr regionda sülhə marağı olmayanlardır.
Avqustun 12-dən başlayaraq erməni silahlı qüvvələri müxtəlif istiqamətlərdə sükutu pozaraq mövqelərimizi atəşə tutmağa başlayıblar. Tural İsmayılovun fikrincə, beynəlxalq aləmdə çaşqınlıq yaratmaq məqsədilə həyat keçirilən bu təxribatlarda ermənipərəst qüvvələrin rol oynaması ehtimalı çoxdur.
Politoloq Ermənistanın "humanitar vəziyyətin pisləşməsi" və "davam edən blokada" deinformasiyalarına cavab olan XİN-in bəyanatına da münasibət bildirib. Tural İsmayılov bu bəyanatın qarşı tərəfin süni şəkildə yaratdığı yalan maşınına ən tutarlı diplomatik cavab olduğunu söyləyib.
Bütün bu proseslər onsuz da uğursuzluğa düçar olan Ermənistanı daha da uçurumun astanasına doğru sürükləyir. Məqsədyönlü olaraq gərginlik yaratmaq və revanşizm siyasətlərindən əl çəkməmək ermənilərə baha başa gələ bilər. Ordumuz veriləcək bir əmrlə bütün qanunsuz erməni hərbi birləşmələrini və onların mövqelərini yerlə-yeksan edərək qarşı tərəfə daha ağır zərbə vura biləcək gücə malikdir.
- Baxış: 326