Prezident İlham Əliyev Bakının Pirallahı rayonunda “Diamed” dərman istehsalı zavodunun açılışında iştirak edib. Məlumat verilib ki, Ölkədə müasir sənaye müəssisələrinin, yeni istehsal sahələrinin yaradılması nəticəsində daxili tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artır, ixrac imkanları genişlənir. Belə müəssisələrdən biri də “Diamed Development Group” MMC-nin Pirallahı rayonunda yaradılan dərman zavodudur. Bir hektar ərazisi olan zavod 3 min kvadratmetr qapalı sahədən ibarətdir. İstehsal prosesi ilə yaxından tanış olan dövlət başçısına məlumat verilib ki, zavodda müxtəlif adlarda, geniş çeşiddə və müxtəlif həcmlərdə həyati vacib və zəruri venadaxili dərman məhlulları istehsal olunacaq. Müəssisənin illik istehsal gücü 20 milyon litrdir. Qeyd olundu ki, ölkənin bu dərmanlara olan illik tələbatı isə təxminən 15 milyon litrdir. Beləliklə, müəssisədə istehsal edilən məhsulların yerli bazarın tələbatını ödəməsi ilə yanaşı, Rusiya, Gürcüstan və Orta Asiya ölkələrinə ixracı da nəzərdə tutulur. “Diamed” dərman zavodunda 100 iş yeri yaradılıb. Müəssisənin layihəsi İsveçrə şirkəti tərəfindən Qabaqcıl İstehsal Təcrübəsinə, istehsal xətti isə Avropa Farmakopeyasına uyğun olaraq hazırlanıb. Yüksək texnologiya və tam qapalı sistemlə təchiz edilmiş zavodun istehsal avadanlıqları İtaliya, BŞ, Almaniya, İsrail kimi ölkələrdən alınıb. İstehsal olunan məhsullar zavoda məxsus müasir laboratoriyada Avropa Farmakopeyasının tələblərinə uyğun mütəmadi olaraq yoxlanılır.
- Baxış: 368