• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1358
— 14.08.2023 20:11

Millimiz dünya çempionatına hazırlaşır

KepezTV Player

Böyüklərdən ibarət sərbəst güləş üzrə milli komandamız Göygöldə təlim-məşq toplanışındadır. Yığmamız bu ilin ən əsas yarışı olan dünya çempionatına hazırlaşır. Millinin düşərgəsinə baş çəkən əməkdaşlarımız məşqlərin gedişi ilə maraqlanıblar. Orxan Cəfərzadə danışır.

Komanda avqustun 9-dan etibarən yerli Olimpiya İdman Kompleksində məşqlərə başlayıb. Baş məşqçi Xetaq Qazyumovun rəhbərliyi altında 35 güləşçi toplanışda iştirak edir. Komandaya yeni məşqçilər də cəlb olunub. Son illərə qədər yığmanın şərəfini qoruyan olimpiya oyunları, dünya və Avropa çempionatlarının mükafatçısı Şərif Şərifov və Cəbrayıl Həsənov bundan sonra məşqçi kimi milliyə xidmət edəcəklər.

Komanda məşqlərdə əsasən taktiki-texniki çalışmalara diqqət ayrılsa da, bununla bərabər funksional və ümumi fiziki dözümlülük üzərində hazırlıq keçirilir. Həmçinin idmançılar toplanışda kross qaçışları da yerinə yetirirlər.

Xetaq Qazyumov- milli komandanın baş məşqçisi: "Mən özüm idmançı kimi Göygöldə yarışlara çox hazırlaşımışam. Dünya çempionatı, olimpiadalarda iştirak etmişəm. Burada hər cür şərait var. İndi də məşqçi kimi bura gəlməyi lazım bildim. Artıq ikinci hazırlıqdır ki, burada keçirik. Dünya çempionatı öncəsi son toplanışlardan biridir. Yaxşı hazırlaşmağımız üçün bütün imkanlar yaradılıb. Uşaqlar dünya çempionatında qələbə üçün xalça üzərinə çıxacaqlar".

Qarşıdakı dünya çempionatı çox vacibdir. Çünki mundialda yaxşı nəticə göstərən güləşçilər olimpiadaya lisenziya əldə edəcəklər. Bu baxımdan millinin əsas üzvləri 1 nömrəli yarışda uğur qazanmağa kökləniblər.

Sərbəst güləşçilərin Göygöldəki təlim-məşq toplanışı avqustun 22-dək davam edəcək. Daha sonra komanda dünya çempionatının son hazırlığını Bakıda keçəcək. Bu ilin 16-24 sentyabr tarixlərində baş tutacaq dünya çempionatı Serbiyanın paytaxtı Belqradda təşkil ediləcək.